

Şimal dənizində yük gəmisi külək stansiyasına çırpılıb
Polşanın Şeçin limanından Antverpenə gedən “Petra L” gəmisində Almaniyanın Emden limanına çatan zaman dəlik aşkar edilib.
"Seanews.az" xəbər verir ki, altı nəfərdən ibarət heyət xəsarət almayıb.
Almaniyanın su polisi hadisəni araşdırır. Hadisənin ilk versiyasına görə gəmi külək stansiyasına çırpılıb.
Almaniya hakimiyyətinin fikrincə, Şimal dənizində hava şəraiti yaxşı olub və gəmi naməlum səbəblərdən istiqamətindən bir neçə mil yayınıb.
Gəminin milliyətcə rus olan kapitanı hələ izahat verməyib. O, qəza barədə məlumat verməməkdə təqsirləndirilir. İstintaq zamanı ona qarşı başqa ittihamların da irəli sürülməsi mümkündür. Kapitan hüquqşünasla məsləhətləşdikdən sonra izahat verəcək.
Deyilənə görə, Şimal dənizində ilk dəfədir ki, ticarət gəmisi külək stansiyası ilə toqquşub.
1984-cü ildə inşa edilmiş "Petra L" quru yük gəmisi Antiqua və Barbuda bayrağı altında qeydiyyatdan keçib. Gəminin dedveyti təxminən 1.7 min tondur.