

Marseldə “MSC Cruises” gəmilərinə hər il təxminən 45 000 ton LNG veriləcək
Fransanın “TotalEnergies Marine Fuels” dəniz yanacağı tədarükçüsü və “MSC Group” nəqliyyat və logistika qrupu kruiz gəmisinə ilk dəfə mayeləşdirilmiş təbii qaz (LNG) verilməsi əməliyyatı həyata keçiriblər.
“Seanews.az”-ın məlumatına görə, Marsel ticarət dəniz limanında “MSC Cruises”-in operatoru olduğu “MSC World Europa” laynerinə yanacaq doldurulub.
Yeni 333 metrlik “MSC World Europa” kruiz gəmisinin təhvil-təslim mərasimi 2022-ci ilin oktyabrında “Chantiers de l’Atlantique” qrupunun Fransanın Saint-Nazaire gəmiqayırma zavodunda baş tutub.
“TotalEnergies Marine Fuels” tərəfindən icarəyə götürülmüş “Gas Vitality”-dən gəmidən-gəmiyə LNG ötürülüb.
İki şirkət arasında bunker xidmətlərinin göstərilməsi haqqında müqavilə 2021-ci ilin martında imzalanıb. “TotalEnergies Marine Fuels” Marseldəki “MSC Cruises” gəmilərinə hər il təxminən 45 000 ton LNG verəcək.