

İMO ekoloji fəlakətin qarşısını almaq üçün BMT-yə kömək etməyə çağırıb
Beynəlxalq Dəniz Təşkilatı (IMO) üzv dövlətləri Yəmənin Qırmızı dəniz sahillərində lövbər salmış, getdikcə texniki vəziyyəti pisləşən “FSO SAFER” üzən neft anbarı gəmisindən neft sızması nəticəsində yarana biləcək potensial ekoloji fəlakətin qarşısını almaq üçün BMT-yə kömək etməyə çağırıb.
“Seanews.az” xəbər verir ki, hazırda neftin nəqli əməliyyatı zamanı gözlənilməz hallar qiymətləndirilir. Kritik çatışmazlıqlardan biri Yəmənin özündə xüsusi avadanlıqların olmamasıdır. Yeni neft dağılmalarına cavab verən avadanlıqların istehsalı və alınması üçün vaxt çatışmazlığı səbəbindən IMO üzv ölkələrdən bir neçə həftə ərzində regiona çatdırıla biləcək işlənmiş, xüsusi istismar müddətini başa vurmuş avadanlıqların göndərilməsini xahiş edir.
IMO-nun bəyanatında qeyd olunur ki, “FSO SAFER”-dən neft sızıntısı böyük humanitar və ekoloji fəlakət olacaq və ehtimal ki, Yəmənin bütün şimal-qərb sahillərinə, o cümlədən Yəmənin Qırmızı dəniz adalarına və xüsusən də Kamaran adasına ciddi təsir göstərəcək. Neftin yayılması və Cibuti, Eritreya və Səudiyyə Ərəbistanı da daxil olmaqla qonşu ölkələrə də təsiri ehtimalı var. Bu, həmçinin Yəmənin Hudeyda limanının işini ciddi şəkildə poza bilər, həmin liman vasitəsilə ərzaq, yanacaq və əsas tələbat malları ölkəyə daxil olur. Təkcə təmizləmə xərclərinin 20 milyard dollar olacağı təxmin edilir.
Üzən sistemin yük çənlərində 150 000 ton (təxminən 1.1 milyon barel) neft var ki, bu da 1989-cu ildə “Exxon Valdez” hadisəsi zamanı dənizə buraxılan həcmdən dörd dəfə çoxdur.
Yaponiyanın “Hitachi Zosen Corporation” tərsanəsində tikilən gəmi 1976-cı ildə suya salınıb. Yəmənin neft-qaz korporasiyasına məxsus “FSO SAFER” gəmisi 1988-ci ildə Ras İsa yarımadasından təxminən 8 km aralıda reyddə yerləşdirilib. Marib yataqlarından hasil edilən neft üzən gəmi-anbara verilir, orada saxlanılır və buradan ixrac edilirdi. Lakin 2015-ci ildə Yəməndə müharibənin başlaması ilə əlaqədar “FSO SAFER”-ə texniki xidmət dayandırılıb.
O vaxtdan “FSO SAFER”-in texniki vəziyyəti ilə bağlı heç bir yoxlama aparılmasa da, gövdə və yük çənlərinin struktur bütövlüyünün bütün qiymətləndirmələri gəminin yararsız hala düşdüyünü və təmir edilə bilməyəcəyini göstərir. Bu, böyük həcmdə neftin dənizə dağılması ilə bağlı real risklər yaradır.
2023-cü il martın 9-da BMT-nin İnkişaf Proqramı çərçivəsində “FSO SAFER” ilə neftin “gəmidən-gəmiyə” vurulması üçün “VLCC Nautica” supertankerinin alınmasına dair saziş imzalanıb. Aprelin 6-da Çuşadakı (Çin) quru meydançanı tərk edən supertanker mayın əvvəlində Qırmızı dənizə gələcək.