

Deputatlar Sayma kanalı sazişini ləğv etməyə çağırıblar
Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin rəhbəri Leonid Kalaşnikov dünən - aprelin 18-də keçirilən plenar iclasda Finlandiya ilə Sayma kanalının icarəsinə dair sazişə yenidən baxmağı təklif edib.
“Seanews.az”-ın məlumatına görə, bu təşəbbüs NATO ölkələrinin yüklərinin daşınması üçün Rusiyada qüvvədə olan qadağa ilə izah olunur.
“Onların NATO-ya üzv olmaq qərarından sonra biz də qərar qəbul etməliyik – onlar bütün qatarları, bütün avtobusları ləğv etdilər, biz hələ də... Bizim ərazimizdən keçən Sayma kanalı ilə Finlandiyanın mərkəzinə yük daşınılır. Bizdə NATO üzvü olan ölkələrdən yüklərin daşınmasına qadağa qoyulub... Biz bu müqaviləni 50 il əvvəl imzalamışıq, onu denonsasiya etmək lazımdır”, - deyə deputat bildirib.
Bundan əvvəl bildirilmişdi ki, NATO-ya daxil olarsa, Rusiya Finlandiya ilə Sayma kanalının icarəsi haqqında sazişə yenidən baxa bilər.
"Rusiyanın istənilən ölkə ilə münasibətləri pisləşdikcə, mehriban münasibətlər dövründə bağlanmış və bu baxımdan məna kəsb edən müqavilələrə yenidən baxıla bilər. Sayma kanalının icarə müqaviləsinə yenidən baxılması tamamilə təbii olardı", - deyə Dövlət Dumasının Beynəlxalq Komitəsi sədrinin birinci müavini Dmitri Novikov bildirib.
Qeyd edək ki, 2063-cü ilə qədər Rusiya hissəsini icarəyə götürən Finlandiya üçün Sayma kanalı ən mühüm nəqliyyat arteriyası hesab olunur.