

Beynəlxalq Dəniz Təşkilatı cinayət şübhəsi ilə saxlanılan heyət üzvləri ilə Ədalətli Rəftar üzrə Təlimat hazırlayacaq
Beynəlxalq Dəniz Təşkilatı (IMO) cinayət şübhəsi ilə saxlanılan heyət üzvləri ilə Ədalətli Rəftar üzrə Təlimat hazırlayacaq. Bu, dənizçilərin əsassız cinayət məsuliyyətinə cəlb edilməsi hallarının artmasına cavab olaraq həyata keçiriləcək.
“Seanews.az”-ın məlumatına görə, İMO-nun Hüquq Komitəsi təlimatın işlənib hazırlanması üçün işçi qrupunun yaradılması barədə qərar qəbul edib.
Tövsiyələr heyət üzvlərinin cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı narahatlıqlar fonunda hazırlanmış Dənizçilərlə Ədalətli Rəftar üzrə 2006-cı ilin oxşar Təlimatlarına əsaslanacaq. “Dənizçilər hətta bütün faktlar müəyyən edilməmişdən əvvəl cinayət təqibinə məruz qalırlar. Əsassız həbslərdən ilk olaraq kapitanlar əziyyət çəkirlər: bunun yeganə səbəbi kapitanın gəmidə daha yüksək vəzifədə olmasıdır. Kapitanın hadisə baş verən zaman vəziyyətə təsir imkanının olub-olmaması heç kimi maraqlandırmır.”,- deyə IMO-nun Hüquq Komitəsi bildirir.
Təlimatın işlənib hazırlanması üçün işçi qrupunun yaradılması təşəbbüsü Gürcüstana məxsus olsa da, bir çox ölkələr bu ideyanı dəstəkləyib. Rusiya Dənizçilər İttifaqı da qeyd edir ki, bütün dünyada dənizçilər haqsız təqib və həbslərlə üzləşirlər. Onlara ədalətli məhkəmə araşdırması, hüquqi yardım və vəkillərdən, tərcümə xidmətindən imtina edilir və bəzi ölkələrdə girov müqabilində külli miqdarda pul tələb olunur.