

Rotterdam limanındakı terminalın genişləndirilməsinə 1 milyard dollardan çox sərmayə qoyulacaq
Dünyanın aparıcı konteyner terminalı operatorlarından biri olan “APM Terminals” (“A.P.Moller-Maersk Group”-a daxildir) Rotterdamdakı terminalını genişləndirəcək.
“Seanews.az”-ın məlumatına görə, layihəyə təxminən 47,5 hektar sahədə 1000 metr uzunluğunda yanalma divarının inşası daxildir.
Rotterdam Liman İdarəsi hazırda yeni körpü divarları inşa edir. Genişləndirmə layihəsi konteyner dövriyyəsini təxminən 2 milyon TEU artıracaq.
Plana görə, yeni obyekt 2026-cı ilin ikinci yarısında istifadəyə veriləcək.
“APM” terminalı 2015-ci ildə İkinci Maasvlakte rayonu ərazisində tam avtomatlaşdırılmış, sıfır karbon obyekti kimi açılmışdır. Terminalın əlavə bölməsi də tam avtomatlaşdırılacaq. Bundan əlavə, burada sahil elektrik stansiyası quraşdırılacaq.
2022-ci ildə həmin ərazidə 18,5 ha torpaq sahəsi logistika mərkəzləri və soyuducu anbarların tikintisi üçün “A.P.Moller-Maersk Group”-a icarəyə verilib. Həmin obyektlər 2024-cü ildə hazır olacaq.
Qeyd edək ki, böyük liman və terminal operatoru “APM Terminals” (qərargahı Haaqada, Niderland) dəniz limanlarının və terminalların, eləcə də quru terminalların layihələndirilməsi, tikintisi, idarə edilməsi və istismarı üzrə ixtisaslaşmışdır.