

Hindistan Hərbi Dəniz Qüvvələri üçün 17 yeni gəmi tikiləcək
Hindistan Müdafiə Nazirliyi yerli gəmiqayırma zavodları ilə Hindistan Hərbi Dəniz Qüvvələri üçün yeni nəsil patrul və raket gəmilərinin tikintisi üçün müqavilələr imzalayıb.
“Seanews.az” xəbər verir ki, “Goa Shipyard Ltd” (“GSL”) və “Garden Reach Shipbuilders and Engineers” (“GRSE”) ilə 11 yeni nəsil patrul gəmisinin (OPV) alınması üçün müqavilə imzalanıb. Gəmilərdən yeddisi “GSL”, dördü isə “GRSE” tərəfindən layihələndiriləcək, inkişaf etdiriləcək və tikiləcək.
Gəmilərin 2026-cı ilin sentyabrından təhvil verilməsi nəzərdə tutulur.
Ehtimal olunur ki, bu gəmilərin alınması Hindistan Hərbi Dəniz Qüvvələrinə döyüş qabiliyyətini qoruyub saxlamağa, dəniz quldurluğu, brakonyerlik, insan alveri ilə mübarizə, təxliyyə, axtarış-xilasetmə əməliyyatları kimi müxtəlif əməliyyat tələblərini yerinə yetirməyə imkan verəcək.
“Cochin Shipyard Limited” (“CSL”) ilə altı yeni nəsil raket gəmisinin (NGMV) alınması üçün müqavilə imzalanıb.
Gəmilərin təhvil verilməsinə 2027-ci ilin martında başlanması planlaşdırılır.
Rəsmilər bildiriblər ki, NGMV-lər gizli, yüksək sürət və hücum qabiliyyətinə malik ağır silahlanmış döyüş gəmiləri olacaq.