“CMA CGM” və “ENGIE” bərpa olunan qaz yanacağı istehsal etmək niyyətindədirlər
“CMA CGM” və “ENGIE”, ikinci nəsil biometanın istehsalı üçün ilk sənaye kommersiya layihəsi olan “Salamander”-in ortaq investorları kimi çıxış edəcəklərini açıqlayıblar.
“Seanews.az”-ın məlumatına görə, tərəfdaşlar “CMA CGM” və digər dəniz daşıyıcılarının ehtiyacları üçün 2028-ci ilə qədər ildə 200 min tondan çox bərpa olunan qaz yanacağı istehsal etmək niyyətindədirlər.
“CMA CGM” və “ENGIE”-nin əsas sahibləri olacaq istehsal sahəsinin "Havr, ağıllı liman şəhəri" investisiya proqramı çərçivəsində “Le Havre Seine Métropole” şəhər təşkilatının dəstəyi ilə Havrdə tikiləcəyi planlaşdırılır.
Zavod quru biokütlə - yerli ağac emalı sənayesinin tullantıları, həmçinin bərk ikinci dərəcəli yanacaqla işləyəcək və piroqazlaşdırma yolu ilə biometan istehsal edəcək. Başlıca vəzifə 2026-cı ildən başlayaraq ildə 11 min ton biometan istehsalını təmin etməkdir.
Tərəfdaşlar yekun investisiya qərarını 2022-ci ilin sonunda verməyi planlaşdırırlar. Bu günlərdə Avropa Komissiyasının İnnovasiyalar Fonduna maliyyələşdirmə sorğusu göndərilib.