• Bakı, 2021-11-28,
Seanews
Heyder Eliyev

"Şahdəniz 2"nin şimal cinahında beşinci quyudan hasilata başlanılıb

“Şahdəniz-2” yatağının şimal cinahında beşinci quyudan hasilata başlanılıb.

Bu barədə “BP-Azerbaijan” şirkətindən məlumat verilib.

Bildirilir ki, bu, 2021-ci ilin 4-cü rübünə planlaşdırılmış mühüm bir əməliyyatdır və layihə çərçivəsində təhlükəsiz və qrafikə uyğun şəkildə əldə edilmiş daha bir uğurdur.

Mövcud “Şahdəniz-1” və “Şahdəniz-2” qurğularının hasilat gücü hazırda gündə təxminən 70 milyon (ildə 25 milyarddan artıq) standart kubmetrdir.

2021-ci ilin iyul ayında ilk dəfə olaraq “Şahdəniz Bravo” platformasından gündəlik hasilat “Şahdəniz Alfa” ilə eyni səviyyəyə çatıb. İlin ilk üç rübündə yataqdan ümumilikdə - “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından birlikdə təqribən 16 milyard standart kubmetr qaz və 3 milyon ton (təqribən 24 milyon barel) kondensat hasil edilib.

Xatırladaq ki, “Şahdəniz” yatağı üzrə Hasilatın Pay Bölgüsü haqqında Saziş (HPBS) iyirmi beş il bundan əvvəl, 4 iyun 1996-cı il tarixində Bakıda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və xarici şirkətlərin konsorsiumu arasında imzalanıb və Milli Məclis tərəfindən ratifikasiya edilərək həmin ilin 17 oktyabr tarixində qüvvəyə minib.

“Şahdəniz” üçün HPBS ilkin olaraq 30 il müddətinə imzalanmış, 2013-cü ilin dekabrında isə 2048-ci ilə qədər uzadılıb. “Şahdəniz” üzrə iştirak payları belədir: bp (operator – 28,8 %), TPAO (19 %), AzŞD (10 %), “LUKoil" (25,5 %), NIKO (10 %) və Cənub Qaz Dəhlizi Apstrim (6,7 %).

“Şahdəniz” yatağı 1999-cu ildə kəşf edilib. Yataq Bakıdan təqribən 70 km cənub-şərqdə, dənizin 50 metrdən 600 metrədək dərinliyində yerləşir. Yatağın kollektor dərinliyi 1 000 metrdən çoxdur, uzunluğu isə 22 kilometrdir.

“Şahdəniz” 140 kvadrat kilometrdən artıq sahəsi və ilkin hesablamalara görə təqribən 1 trilyon kubmetr qaz və 2 milyard barel kondensat ehtiyatı ilə dünyanın ən böyük qaz yataqlarından biridir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır