• Bakı, 2020-07-05,
Seanews
Heyder Eliyev

Qlobal enerji nəhəngləri neft–qaz bazarlarındakı sabitlikdən məmnundurlar

Birləşmiş Ərəb Əmirliklərinin Dövlət naziri, “ADNOC Group”un icraçı direktoru Sultan bin Əhməd Sultan Əl Cabirinin sədrliyi ilə nəhəng qlobal neft şirkətlərinin iştirak etdiyi onlayn dəyirmi masa keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə BP, “Total”, “LukOil”, “Saudi Aramco”, ENI, INPEX və digər iri şirkətlərin rəhbərləri çıxış ediblər.

Qlobal neft-qaz bazarlarında hazırki vəziyyəti təhlil edən “Total”ın prezidenti və icraçı direktoru Patrik Puyane bildirib ki, Avropada COVID-19 pandemiyası ilə əlaqədar tətbiq olunmuş məhdudiyyətlərin aradan qaldırılması nikbinlik üçün əsas verir. Sənaye müəssisələrinin, nəqliyyatın bərpası enerjiyə olan tələbatı sürətlə artırır. “Biz elektrik enerjisi təchizatını da 20 faiz azaltmışıq, yanacağa hələ əvvəlki səviyyədə tələbat olmasa da, sürətli bərpa prosesinin şahidi oluruq”, - deyə o vurğulayıb.

BP-nin baş icraçı direktoru Bernard Luni də qlobal enerji bazarlarında sabitliyin gözləniləndən də sürətlə bərpa olunduğunu deyib. O bildirib: “Düşünürəm ki, bu, çox yaxşıdır. Digər tərəfdən, biz gələcəkdə proseslərin hansı məcrada inkişaf edəcəyini də bilmirik. Mənim nikbinliyimin səbəbi qlobal enerji bazarlarının iştirakçılarının vəziyyəti nəzarətdə saxlamasıdır. Biz sıx koordinasiya şəraitində işləməyə davam etməliyik”.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır