Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

“Enerjinin İpək yolu”

2019-cu il noyabrın 30-da Türkiyənin Ədirnə vilayətinin 753 kvadrat metr ərazisi, 30 min nəfərə yaxın əhalisi olan füsunkar, kiçik İpsala qəsəbəsində Avropa üçün çox önəmli bir tarixi hadisə baş verdi. Məhz həmin gün Türkiyənin Ərdahan vilayətindən başlayaraq Avropaya qədər 1850 kilometrlik məsafədən keçən boru kəməri-TANAP qaz kəmərinin açılış mərasimi keçirildi. Bununla da, Azərbaycan təbii qazının Türkiyənin və Avropanın istifadəsinə verilməsi əfsanədən həqiqətə çevrilmiş oldu.

TANAP mahiyyətcə Azərbaycandan Avropaya uzanan 3500 kilometrlik nəhəng enerji dəhlizinin, Cənub Qaz Dəhlizinin bel sütunu və ən önəmli hissəsi hesab olunur. Yunanıstan sərhədində TANAP-la birləşəcək Transadriatik qaz boru kəməri (TAP) işə başladıqdan sonra tarixdə ilk dəfə olaraq, Azərbaycanın təbii qazı Xəzər hövzəsindən Avropa bazarlarına birbaşa nəql olunacaqdır.  TANAP layihəsi keçirilən bu mərasimlə maliyyə tutumu 38 milyard dollar həcmində qiymətləndirilən, 7 ölkəni birləşdirən Cənub Qaz Dəhlizinin, yəni Avropanın enerji təhlükəsizliyi üçün Azərbaycan və Türkiyə dövlətlərinin fədakarcasına cızdığı və təqib etdiyi strateji xəttin məntiqi davamı oldu.

Cənub Qaz Dəhlizinin əhatə etdiyi 7 ölkədən 3-ü Avropa İttifaqını təmsil edir. Bu dəhlizin əsas seqmenti sayılan TANAP isə Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” qaz-kondensat yatağından çıxarılan qazı avropalı istehlakçılara çatdıracaqdır. TANAP Azərbaycan, Gürcüstan, Türkiyə marşurutundan Avropaya - TAP xəttinə birləşir və oradan davam edərək Bolqarıstan, Yunanıstan, Makedoniya, Albaniya, Serbiya, Bosniya və Herseqovina xətti üzərindəki ölkələri də əhatə edir. TANAP-ın birinci fazası keçən il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində istifadəyə verilmiş və Türkiyəyə ilk qaz həcmlərinin nəqli baş tutmuşdur. Beləcə düz 4 il əvvəl, dünya əmtəə birjalarının neft qiymətlərinin volatilliyi ilə şoklara məruz qaldığı bir vaxtda, Azərbaycan və Türkiyənin liderliyi ilə təməli qoyulan TANAP Avropa sərhədinə çatdırıldı. Artıq cari tarixə TANAP vasitəsilə Türkiyəyə daşınan qazın həcmi 3,3 milyard kubmetrə çatmışdır. Qarşıdakı illərdə isə TANAP-ın nəqletmə qabiliyyətini əvvəlcə 16 milyard kubmetrə, daha sonra 31 milyard kubmetrə çatdırmaq planlaşdırılır (socar.az, 30 noyabr 2019-cu il). Həmçinin, Avropaya qaz nəqlinin başlaması üçün Trans-Adriatik təbii qaz boru kəməri – TAP işə başlayarsa Avropa çoxdan gözlədiyi Xəzər qazına və həm də yeni fürsətlərə qovuşmuş olacaq.

Son dövrlər aşağı karbonlu enerji mənbəyi kimi təbii qaza artan tələbat yeni layihələrin reallaşmasını və qaz sənayesinin inkişafını təmin etməklə yanaşı mənbə və marşrutların diversifaksiyasını da aktuallaşdırmaqdadır. Bu layihələrin əhəmiyyəti də təkcə onların Türkiyə, Azərbaycan xalqlarına və digər qonşu xalqlara gətirəcəyi fayda ilə məhdudlaşmır, bu layihələr həm də Avropanın enerji təhlükəsizliyinə müsbət tövhələr verir. Kəmərin açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da bu məsələyə xüsusi  vurğu etdi: Ölkəmizin enerji ehtiyatlarını təmin etməklə birlikdə TANAP-ın yaradılmasında biz həm də Avropanın enerji təchizatı təhülkəsizliyini hədəfləyirik. (Anadolu agentliyi, 30 noyabr). TANAP-ın da xüsusi əhəmiyyəti həm də ondadır ki, bu layihəyə qədər Avropanın enerji təhlükəsizliyini təmin etmək, enerji mənbələrinin diversifikasiyasına nail olmaq məqsədilə fərqli platformalarda müxtəlif layihələr müzakirə edilmiş, müvafiq layihələndirmə işləri aparılmış, lakin texniki, maliyyə şərtləri və siyasi amillər bu kimi layihələrin real icrasına imkan verməmişdir. Azərbaycan bu layihələr üçün uyğun konyuktur şəraiti formalaşdırmaqla Avropa üçün də enerji təhlükəsizliyində yeni üfüqlər açmış oldu. Avropanın, xüsusilə də Cənub və Cənub-Şərqi Avropanın enerji təminatı əksər hallarda yalnız bir mənbədən asılıdır. Məhz sağlam enerji mənbələrinə malik olmaq, həm də özünün iqtisadi müstəqilliyinə tövhə vermək baxımından bu layihələr region ölkələri üçün əvəzsiz rol oynayacaqdır.

TANAP-a gedən yol isə heç də asan olmamışdır.  TANAP-a qədər Azərbaycan uzun bir tarixi yoldan və çox ağır sınaqlardan keçməli oldu. İlk öncə onu qeyd edək ki, 20 sentyabr 1994-cü ildə “Əsrin müqaviləsi” adlandırdığımız Bakı-Tbilisi‑Ceyhan kəməri Azərbaycana qlobal layihələrin idarəedilməsində çox yaxşı təcrübə qazandırmış oldu. 2006-cı ildə istismara verilən bu kəmər Xəzər neftini-Azərbaycan, Qazaxıstan, Türkmənistan və Rusiyanın timsalında təchiz etməklə Avropaya enerji daşıyıcılarının nəqlində Azərbaycanı ən yaxşı alternativlərdən birinə və həm də əməkdaşlıq platformasına çevirdi. 2007-ci ildə açılışı olan Bakı-Tbilisi-Ərzurum qaz boru xətti isə Avropa və Asiyanın enerji kanallarını birləşdirmək baxımından Azərbaycan və Türkiyənin növbəti nəhəng layihəsi idi. Azərbaycan Prezidenti İlham Əliyev Pekində “Bir kəmər, Bir Yol” Forumunda bu layihələrin icra məqsədləri və Azərbaycanın oynadığı mühüm rola toxunaraq demişdir: Azərbaycanın çox böyük neft və qaz ehtiyatları var. Biz neft və qazımızı beynəlxalq bazarlara nəql etmək üçün çoxsaylı boru kəmərləri tikmişik və əsas hədəfimiz iqtisadiyyatımızı şaxələndirmək, insan kapitalına investisiya yatırmaq və inkişaf üçün dayanıqlı imkanlar yaratmaqdır. (president.az, 26 aprel).

Bu da danılmaz faktdır ki, bu cür uğurlu layihələr artıq dünya enerji xəritəsinin dəyişdiyini, bu sahədə Azərbaycan kimi yeni oyunçuların əsas rol aldığı, yeni layihələrin həm təşəbbüskarı və həm də əsas icraçısı olduğu yeni əməkdaşlıq modellərinin ortaya çıxdığını göstərir. Bununla da enerji təhlükəsizliyinin təmin edilməsində istehsalçı, tranzit və istehlakçı ölkələr arasındakı möhkəm inteqrativ bağlılığın vacib olduğu artıq öz əksini bir daha tapmış oldu. Bu baxımından əlbəttə ki, Azərbaycan və Türkiyənin zamanın sınaqlarından çıxmış əməkdaşlıq modelləri də öz sözünü dedi. Əslində Azərbaycanın regional ziddiyətləri əməkdaşlıq platformasına çevirməklə, bütün qarşılıqlı tərəfləri maksimum cəlb etməklə reallaşdırdığı bu layihələr digər ölkələr üçün də yaxşı nümunə olmalıdır. Bu cür diversifikasiya edilmiş nəhəng enerji dəhlizləri Şərq və Qərbi birləşdirmək baxımından da xüsusi strateji əhəmiyyət kəsb edir və mühüm iqtisadi nəticələri olacaqdır. Belə ki, bu layihələr həm də ölkələrarası hüquqi, iqtisadi, mədəni bağlılığı və qarşılıqlı anlaşmanı gücləndirəcək, regional əməkdaşlıq və təhlükəsizliyin yeni platformalarını da özü ilə birgə gətirəcəkdir. Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi: “Bu layihə ölkələr arasında körpülər yaradacaq və daha böyük anlaşmaya yol açacaq.” (president.az, 30 noyabr). Aralıq dənizinin şərqində tapılan yeni karbohidrogen ehtiyatlarının bölüşdürülməsindəki gərginlikləri də region ölkələri məhz bu cür əməkdaşlıq formatında aparmaqla Avropanın enerji təminatı üçün yeni imkanlar yarada, regionda sülh və sabitliyə yeni fürsətlər qazandıra bilərlər.

Yekun olaraq, reallaşdırılan bu layihələrin əhəmiyyəti və regiona gətirdiyi faydalar hər kəsin faydalanacağı yeni iqtisadi formasiya yaratmaqdadır. Bu iqtisadi formasiyadan isə Cənubi Qafqaz ölkələri texnoloji yeniliklərə çıxış və iqtisadi mənfəət əldə olunması, Avropa ölkələri isə daha təhlükəsiz və ucuz enerji mənbələri əldə etmək baxımından faydalanacaqlar. Odur ki, artıq gözləniləndir ki, Avropa ölkələri TAP-ın qısa zaman ərzində reallaşması üçün bütün imkanlarını səfərbər edəcəklər.

Ayaz Müseyibov - İİKTM-in analitiki


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır