• Bakı, 2019-12-06,
Seanews
Heyder Eliyev

Ötən ay üzrə gündəlik neft hasilatı 718 min barel olub

Respublikada oktyabr ayı üzrə gündəlik neft hasilatı sentyabr ayı ilə müqayisədə 37 min barel azalaraq 718 min barel olub.

Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, bunun 644 min barelini xam neft, 74 min barelini kondensat təşkil edib. Gündəlik 569 min barel xam neft, 76 min barel kondensat, 9,5 min barel isə neft məhsulları ixrac edilib.

Gündəlik neft hasilatının 776 min barel həcmində saxlanılmasına dair razılaşma çərçivəsində Azərbaycan hasilatı sutkada 20 min barel azaltmaqla bağlı götürdüyü öhdəliyi tam yerinə yetirib. Qeyd edək ki, cari ilin yanvar-oktyabr aylarında orta gündəlik neft hasilatı 762 min barel təşkil edib.

Energetika Nazirliyi oktyabr ayında gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.

Xatırladaq ki, 2018-ci ilin dekabrın 7-də “OPEC plus” üzrə neft hasilatının gündəlik 1,2 mln. barel azaldılması ilə bağlı imzalanmış “Əməkdaşlıq Bəyannaməsi”nin müddəti bu ilin 1 iyul tarixindən 2020-ci ilin I rübünün sonunadək uzadılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır