Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-03,
Seanews
Heyder Eliyev

layihəsi beynəlxalq mükafata layiq görü

“Trans-Adriatik” boru kəməri (TAP) layihəsi beynəlxalq layihə maliyyələşdirilməsi mükafatı (PFI) ilə təltif edilib. “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətindən (CQD) AZƏRTAC-a bildirilib ki, 2018-ci ilin PFI qaliblərinin elan edilməsi üçün Londonda Beynəlxalq Layihə Maliyyələşdirilməsi Jurnalının illik qala gecəsi keçirilib. PFI qlobal enerji və infrastruktur layihələrinin maliyyələşdirilməsi ilə bağlı xəbərlər, məlumat və analiz sahəsində aparıcı nəşrdir. Bu nüfuzlu mükafatın qalibləri arasında 2018-ci ilin sonuna bağlanan 3,9 milyard avro dəyərindəki layihə maliyyələşdirilməsi ilə “İlin Avropa neft və qaz sövdələşməsi” mükafatına TAP layihəsi layiq görülüb. Mükafatlandırma mərasimində kommersiya banklarının, beynəlxalq maliyyə institutlarının, layihə şirkətlərinin və sponsorların, o cümlədən “Cənub Qaz Dəhlizi” QSC-nin rəhbər şəxsləri iştirak edib. 3,9 milyard avro dəyərindəki TAP layihə maliyyələşdirilməsi 2018-ci ildə Avropa infrastruktur layihələri üçün razılaşdırılmış ən iri layihə maliyyələşdirilməsi olub. Maliyyələşmə bir sıra kommersiya bankları və beynəlxalq maliyyə institutları tərəfindən təmin olunub. Maliyyələşmənin bir hissəsi ixrac kredit agentlikləri tərəfindən təmin edilib. “Cənub Qaz Dəhlizi” QSC bu maliyyələşmədə TAP AG şirkətində sahibi olduğu 20 faiz pay ilə əlaqədar borc üzrə zəmanətçilərdən biri kimi çıxış edir (Azərbaycan tərəfindən verilən təkrar zəmanət əsasında), eləcə də həmin şirkətə tələb edilən nizamnamə kapitalını öz payları nisbətində təmin etməyə davam edir. TAP Türkiyə-Yunanıstan sərhədində birbaşa TANAP-la birləşəcək və Yunanıstan, Albaniya ərazilərindən, həmçinin Adriatik dənizindən keçərək Azərbaycan təbii qazını Cənubi İtaliyaya nəql edəcək. Təbii qazın Azərbaycandan Avropa bazarına ixracının ən qısa və birbaşa marşrutunu təşkil etdiyi üçün TAP-ın Avropa İttifaqının enerji təhlükəsizliyi və enerji mənbələrinin şaxələndirilməsinə görə strateji məqsədlərində əsas rol oynayacağı gözlənilir. Bundan əlavə, TAP lazımi təqdirdə təbii qazın Cənub-Şərqi Avropaya yönəltmək üçün texniki imkanlara malik olacaq. TAP layihəsi üzrə Albaniya, İtaliya və Yunanıstan respublikaları arasında “Hökumətlərarası Saziş” 2013-cü ilin fevral ayında imzalanıb. TAP-ın təməlqoyma mərasimi 2016-cı il mayın 17-də keçirilib. Boru kəmərinin uzunluğu 878 kilometr təşkil edəcək və fəaliyyətə başlaması 2020-ci ildə gözlənilir. İlkin nəql qabiliyyəti 10 milyard kubmetr olacaq (illik 20 milyard kubmetr kimi artırıla bilər). 2018-ci ilin sonuna TAP layihəsi üzrə inkişaf 84,1 faiz təşkil edib. TAP-ın səhmdarları belədir: “Cənub Qaz Dəhlizi” QSC 20 faiz, BP 20 faiz, “Snam” 20 faiz, “Fluxys” 19 faiz, “Enagás” 16 faiz və “Axpo” 5 faiz. Qeyd edək ki, “Cənub Qaz Dəhlizi” layihəsinin məqsədi “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi (SD2) layihəsini həyata keçirmək, bu zaman hasil ediləcək təbii qazın genişləndirilən Cənubi Qafqaz Qaz Boru Kəməri (CQBKG), yeni tikilən TANAP və TAP vasitəsilə Türkiyə və Cənubi Avropaya ixracını təmin etməkdir. Layihələrin investisiya dəyəri təxminən 40 milyard ABŞ dollarıdır. “Şahdəniz-2” layihəsi tamamlandıqdan sonra “Şahdəniz” qaz-kondensat yatağının istismarının birinci mərhələsi (“Sahdəniz-1” layihəsi) üzrə illik hasil edilən 10,9 milyard kubmetr təbii qaza (maksimal hasilat gücü) 16 milyard kubmetr əlavə ediləcək. Yeni tikilən CQBKG, TANAP və TAP boru kəmərlərinin uzunluğu ümumilikdə təqribən 3 min 200 kilometrdən çox olacaq. “Cənub Qaz Dəhlizi” QSC Azərbaycan Respublikası Prezidentinin “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 2014-cü il 25 fevral tarixli Sərəncamı əsasında və səhmlərinin 51 faizi dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə, 49 faizi isə SOCAR-a məxsus olan qapalı səhmdar cəmiyyətidir. QSC-nin məqsədi “Cənub Qaz Dəhlizi” layihələrində dövlətə məxsus payların konsolidasiya edilməsi, idarə olunması və maliyyələşdirilməsidir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır