Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-29,
Seanews
Heyder Eliyev

boru kəmərinin dəniz hissəsinin inşasının 10 faizi yekunla

Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan “Trans-Adriatik” (TAP) qaz boru kəmərinin dəniz hissəsində tikinti işlərinin 10 faizi tamamlanıb. Bu barədə AZƏRTAC-a eksklüziv açıqlamasında boru kəmərinin operatoru olan TAP AG şirkətinin kommunikasiya rəhbəri Lisa Givert deyib. “Ötən ilin oktyabrında Albaniyada TAP-ın Adriatik dənizindən keçəcək 105 kilometrlik hissəsinin inşasına başlanılıb. Boru kəmərinin dəniz hissəsində tikinti işlərinin 10 faizi yekunlaşıb. Hazırda Albaniyada sualtı işlər üzrə bəndin və müvəqqəti giriş dokunun inşası aparılır”, – deyə L.Givert bildirib. Qeyd edək ki, TAP-ın dəniz hissəsinin inşası qrafikinə əsasən cari ildə həyata keçiriləcək. Polad borular dənizin altında ən müasir gəmilərlə qaynaq olunacaq. Qaynaq işlərindən sonra sınaqlar keçiriləcək. Boru kəməri dənizin 810 metrdən də çox dərinlikdəki hissəsindən keçəcək. 36 düymlük xəttin inşasında təxminən 9 min boru istifadə ediləcək. TAP-ın podratçısı İtaliyanın “Saipem” şirkəti dənizdəki tikinti işləri üçün təqribən 10 gəmidən istifadə edəcək. TAP layihəsi üzrə işlərin – mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla 82,4 faizi icra edilib. Layihə üzrə kapital xərcləri 4,5 milyard avrodur. Boru kəməri Avropanın üç ölkəsinin ərazisindən – Yunanıstan, Albaniya və İtaliyadan keçir. TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulur. Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP Cənubi Qafqaz Boru Kəməri və TANAP-ın davamı olub, “Şahdəniz-2”dən hasil olunacaq qazı Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya çatdıracaq. Boru kəmərinin uzunluğu 878 kilometr, diametri isə 48 düymdür. TAP boru kəmərinin ən aşağı hissəsi dəniz səviyyəsindən təxminən 820 metr dərinlikdə, ən yüksək hissəsi Albaniya dağlarında 1800 metr hündürlükdən keçir. TAP-la Avropaya ilk qazın verilməsi 2020-ci ilə planlaşdırılır. Boru kəməri TANAP ilə birləşəcək və Yunanıstanın Türkiyə ilə sərhəddə yerləşən Kipoi ərazisindən başlayacaq. Kəmər buradan Yunanıstan və Albaniya ərazisini qət edərək şərqdən qərbə Adriatik dənizi sahillərinə doğru istiqamətlənəcək və İtaliyanın Puqlia bölgəsində sahilə çıxacaq. TAP “Snam Rete Gas” şirkətinin istismar etdiyi İtaliyanın qaz nəqliyyatı şəbəkəsinə birləşəcək. Layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır. TAP-ın səhmdarları belədir: BP (20 faiz), SOCAR (20 faiz), “Snam S.p.A.” (20 faiz), “Fluxys” (19 faiz), “Enagás” (16 faiz) və “Axpo” (5 faiz).


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır