Cəbəllütariq boğazında gəmilərin toqquşmasından sonra liman əməliyyatları dayandırılıb
Avqustun 29-da Tuvalu bayrağı altında üzən “OS 35” quru yük gəmisi Cəbəllütariq boğazında yüksüz “Adam LNG” tankeri ilə toqquşub.
“Seanews.az”-ın məlumatına görə, toqquşmadan sonra bütün liman əməliyyatları dayandırılıb. Xilasetmə xidmətləri neft sızmasının qarşısını almaq üçün yük daşıyıcısını yedəyə alaraq Kataloniya körfəzindəki akvatoriyanın şərq hissəsinə çıxarıblar.
Quru yük gəmisində polad çubuqlardan ibarət yük və 400 tona yaxın yanacaq olub. Xilasedicilər gəmiyə baxış keçirdikdən sonra gəminin sağ bortunun orta hissəsində təxminən 10x4 metr ölçüdə dəliyin olduğunu təsdiqləyiblər. “OS 35”-in gövdəsi çatlayıb, lakin onun bölmələri bir-birindən ayrılmayıb.
Yanacağın dənizə tökülməsinin qarşısını almaq üçün gəminin ətrafında mühafizə çəpərləri çəkilib. Gəmidən sürtkü yağının sızdığı barədə məlumatlar var. Bütün 24 heyət üzvü və 6 syurveyer gəmidən təxliyə edilib.
Liman idarəsinin məlumatına görə, Marşal adalarında qeydiyyatda olan “Adam LNG” tankerinə cüzi ziyan dəyib və gəmiyə suyun daxilolması baş verməyib. Tanker Maltada LNG yükünü boşaltdıqdan sonra Cəbəllütariqə gəlib. Gəmi kapitanının xahişi ilə heyət tankerin göyərtəsində qalıb.
Uzunluğu 178 metr olan “OS 35” quru yük gəmisi 1989-cu ildə “Şin Kuruşima Toyohaşi” tərsanəsində inşa edilib.