Qırmızı dənizdə xaos: Nəhəng gəmiçilik şirkətləri yükdaşıyanları çıxılmaz vəziyyətə salıb
Dünyanın nəhəng konteyner daşıyıcılarının Qırmızı dəniz marşrutuna qayıdışla bağlı bir-birinə zidd qərarları qlobal logistika bazarında ciddi çaşqınlıq yaradıb.
“Seanews.az” xəbər verir ki, xüsusilə "Maersk" şirkətinin bir həftə ərzində dəyişən mövqeyi yük sahiblərini ehtiyatlı davranmağa sövq edir.
Cəmi bir neçə ay əvvəl "Maersk" Yaxın Şərqdə tam sülh bərqərar olmayana qədər Süveyş kanalına qayıtmayacağını açıqlamışdı. Lakin bir neçə gün əvvəl şirkət Hindistanı ABŞ və Aralıq dənizi ilə birləşdirən xidmətlərinin yenidən Qırmızı dənizdən keçəcəyini elan etdi. "Maersk"in CEO-su Vinsent Klerk bildirib ki, qayıdış yalnız hərbi müşayiət altında mümkündür. Lakin o, eyni zamanda etiraf edib ki, bütün ticarət donanmasını qorumaq üçün kifayət qədər hərbi gəmi yoxdur. Bu isə marşrutun hələ də "bıçaq sümüyə dayandığı" qədər riskli olduğunu göstərir.
Vəziyyətin nə qədər mürəkkəb olduğunu digər nəhənglərin addımları da sübut edir: “CMA CGM” uzun müddət Fransa hərbi donanmasının müşayiəti ilə Süveyşdən keçsə də, indi gəmilərini daha uzun yol olan Ümid burnuna (Afrika ətrafı) yönləndirib. “Maersk” və “Hapag-Lloyd” "Gemini Cooperation" tərəfdaşlığı çərçivəsində bəzi digər xətlərin də regiona qaytarılmasını müzakirə edir. Şayiələrə görə, "Maersk"in bəzi xidmətlərini geri qaytarmasının səbəbi ABŞ hərbi donanması üçün texnika daşıması ola bilər.
"MDS Transmodal"ın yeni istifadəyə verdiyi Süveyş Monitorinq xidməti keçidlərin hələ də böhran öncəsi səviyyədən çox uzaq olduğunu göstərir. Ötən ay keçidlərin sayında cüzi artım olsa da, dənizçilik xətləri hələ də ehtiyatlıdır. Yüksək dəyərli yüklərin daşınması ilə məşğul olan təchizat zənciri menecerləri hərbi müşayiət tələbi və bölgədəki qeyri-sabitlik səbəbindən Süveyş marşrutuna tam etibar etməyə tələsmirlər.

