

Çin–Avropa arasında ilk birbaşa Arktika marşrutu açılır
Çinin nəzarətində olan konteyner şirkəti “Sea Legend Shipping” bu həftə Çin ilə Avropa arasında ilk birbaşa Arktika marşrutunu işə salacaq.
"Seanews.az" xəbər verir ki, bu barədə dövlətə məxsus “Global Times” qəzeti məlumat yayıb.
Məlumata görə, “Sea Legend”ə məxsus ilk gəmi 24 sentyabrda Şimal Dəniz Marşrutu (NSR) ilə yola çıxacaq. Gəminin səfəri təxminən 18 gün çəkəcək. Yük “Ningbo Zhoushan” limanından çıxaraq 10 oktyabrda Böyük Britaniyanın ən iri konteyner limanı olan "Felixstowe"-a çatmalıdır.
Ənənəvi olaraq Çindən Avropaya yüklər Ümid Burnu ətrafından daşınır və bu səfər ən azı 40 gün davam edir.
“Global Times” yazır ki, yeni marşrut Çindən Avropaya daşımaların vaxtını təxminən yarıbayarı azaldacaq və karbon emissiyalarını 50 faizədək aşağı salacaq. Limanın məlumatına görə, ötən il ən sürətli ekspress marşrut 26 gün idi (Ningbo Zhoushan–Wilhelmshaven, Almaniya).
Bununla belə, ekspertlər xəbərdarlıq edirlər ki, Arktikada gəmilərin sayının artması dəniz məməlilərinə və ekosistemə risk yarada, həmçinin sərt hava şəraiti və infrastrukturun məhdudluğu səbəbindən təhlükəsizlik problemləri doğura bilər.