

“Crowley”-nin ən yeni konteyner gəmisi ilk kommersiya səfərinə başlayıb
ABŞ-nin “Crowley” şirkətinin LNG ilə işləyən ən yeni konteyner gəmisi “Torogoz” bu həftənin əvvəlində Florida ştatının “Everglades” limanından ilk kommersiya səfərinə yola düşüb.
“Torogoz” Cənubi Koreyanın “HD Hyundai Mipo” gəmiqayırma zavodunda “Crowley” üçün inşa edilən dörd konteyner gəmisindən dördüncüsüdür. Eynitipli “Quetzal”, “Copan” və “Tiscapa” kimi o da şirkətin ABŞ–Mərkəzi Amerika marşrutlarında istismar olunacaq.
“Crowley”-nin məlumatına görə, bu tip gəmilər tez xarab olan ərzaqlar, dərman preparatları, pərakəndə məhsullar, geyim, qarışıq yüklər və digər vacib malların sürətli daşınmasına xüsusi uyğunlaşdırılıb.
“Torogoz”-un uzunluğu 170 metr, eni 28 metrdir. Gəmi 1.400 TEU konteyner, o cümlədən 300 soyuducu konteyner daşıma imkanına malikdir.