

Mərakeşdən Birləşmiş Krallıq və Niderlanda yeni konteyner xətti açılıb
Beynəlxalq logistika və gəmiçilik şirkəti "Samskip" Mərakeşin Əqədir və Kasablanka limanlarını Birləşmiş Krallıq və Niderlandla birbaşa birləşdirən yeni qısaməsafəli konteyner marşrutu istifadəyə verib.
Şirkət bildirib ki, konteyner xidməti xüsusilə təzə məhsullar sektorunun ehtiyaclarını qarşılamaq üçün nəzərdə tutulub və bazarda ən sürətli “qapıdan-qapıya” çatdırılma müddətini təmin edəcək. Bu isə ənənəvi avtomobil daşımalarına alternativ olaraq Mərakeş meyvə-tərəvəzlərinin Avropaya çatdırılmasında rəqabətli bir həll kimi təqdim olunur.
Məhsulların daşınması bu yaxınlarda “Samskip” ilə “Moroccan Fruit Board” arasında imzalanmış uzunmüddətli müqavilə çərçivəsində həyata keçiriləcək.
“Samskip”-in Baş biznes direktoru Olafur Orri Olafsson bildirib: “Biz məhsul istehsalçılarının, idxalatçıların və pərakəndəçilərin fikirlərini dinlədik və onlara daha sürətli, ekoloji baxımdan daha təmiz və daha etibarlı bir xidmət təqdim edəcəyik”.
Şirkət əlavə edib ki, Rotterdam limanına çatdıqdan sonra yenidən yükləmə və logistik mərkəzlər vasitəsilə məhsullar Norveç, Polşa, İsveç, Finlandiya və Baltikyanı ölkələrə bir neçə gün ərzində çatdırıla bilər.
Əqədir limanından çıxışdan etibarən cəmi altı gün ərzində İrlandiyaya da çatdırılma mümkündür. “Samskip” bu xidməti Şimali Afrikadan daha sürətli logistika axtaran İrlandiyalı idxalatçılar üçün yeni imkan kimi təqdim edir.