

Nigeriyanın ilk milli konteyner gəmiçilik şirkəti fəaliyyətə başlayıb
"Clarion Shipping West Africa" Nigeriyanın ilk yerli konteyner daşıma xətti olaraq fəaliyyətə başladığını elan edib.
"Seanews.az" xəbər verir ki, şirkətin “Ocean Dragon” adlı ilk gəmisi Çindən 60 günlük səyahətin ardından Nigeriyaya çatıb.
6,100 dwt tutumlu və 98 metr uzunluğunda olan gəmi 2014-cü ildə inşa edilib və 349 TEU konteyner daşıma qabiliyyətinə malikdir. Gəminin heyətinin 70%-i nigeriyalıdır və bu göstəricinin daha da artırılması planlaşdırılır.
"Clarion Shipping"-in ilkin məqsədi Nigeriyanın daxili limanları arasında konteyner daşımalarını təşkil etməkdən ibarətdir.
Şirkət bildirir ki, artıq 1 300 ixrac konteyneri üçün sifariş alınıb. Bu, fermer və istehsalçılara gecikmələr və konteyner çatışmazlığı səbəbilə yaranan itkilərin qarşısını almaqda kömək edir. Gəmiçilik şirkəti konteynerlərin Nigeriya limanları arasında iki gün ərzində çatdırılmasını və bu üsulun yol nəqliyyatı ilə müqayisədə daha təhlükəsiz və sərfəli olduğunu vurğulayır.
Yeni xəttin ilk mərhələdə Benin, Toqo, Qana, Kamerun, Siera Leon və Fil Dişi Sahili limanlarına xidmət göstərəcəyi, gələcəkdə isə Cənubi Afrika və Misir kimi ölkələrə də genişlənəcəyi gözlənilir.
"Clarion" gələcəkdə 1 789 TEU tutumlu daha böyük bir gəmini xidmətə gətirəcəyini və bu gəmiylə Liberiya, Toqo, Qana, Fil Dişi Sahili və Nigeriya arasında ixrac marşrutlarını inkişaf etdirəcəyini də açıqlayıb.