Misir Süveyş kanalının istismarından əldə etdiyi gəlirin 60%-dən çoxunu itirib
Misir 2024-cü ildə Süveyş kanalı ilə gəmilərin tranzitindən əldə etdiyi gəlirin 60%-dən çoxunu itirib. İtirilmiş mənfəətin məbləği təxminən 7 milyard dollardır.
“Seanews.az” xəbər veriri ki, bu barədə Süveyş Kanalı Administrasiyasının rəhbəri Usamə Rabia dekabrın 26-da ölkə prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşdə bildirib.
Misir prezidentinin mətbuat xidmətinin məlumatına görə, Usamə Rabia qeyd edib ki, Qırmızı dəniz və Bab əl-Məndəb boğazı bölgəsindəki böhran kanalda daşımaların həcminə və bütün dünya ticarətinin davamlığına mənfi təsir göstərib. O əlavə edib ki, 2023-cü illə müqayisədə 2024-cü ildə Süveyş kanalının istismarından əldə olunan gəlir 60%-dən çox azalıb.
Xatırladaq ki, kanalın istismarından əldə olunan vəsait Misir büdcəsinin əsas gəlir mənbələrindən biridir. Lakin 2023-cü ilin payızından Misir qazancından itirir, çünki bir çox gəmilər husilərin hücumundan qorxaraq marşrutlarını dəyişmək məcburiyyətində qalır.