Missisipi çayının dayazlaşması səbəbindən malların ixracında problemlər yaranıb
Missisipi çayı dayazlaşdığı üçün ABŞ-da ərzaq, eləcə də taxta, kömür və polad ixracı ilə bağlı problemlər yaranıb.
“Seanews.az”ın məlumatına görə, çayda səviyyə enimi yayın quraq keçməsi və yağışın az olması ilə bağlıdır. Bəzi yerlərdə suyun səviyyəsi ötən ilin göstəriciləri ilə müqayisədə 300 sm aşağı düşüb. Bu vəziyyət Missisipi üçün xarakterik deyil. Çayda su həmişə artıq olub və bu problem mühəndisləri kompleks bəndlər, şlüzlər və bəndlər sistemi qurmağa məcbur edib.
Mövcud şəraitdə gəmi sahibləri barjları natamam yükləməyə və ya yükləri dəmir yolu kimi digər nəqliyyat növlərinə yönləndirməyə məcbur olurlar ki, bu da əlavə xərclərə səbəb olur və məhsulların son qiymətində əks olunur. Analitiklərin fikrincə, çayda tarixən aşağı su səviyyəsinin iqtisadi ziyanı 20 milyard dollar ola bilər.
Missisipi və ona axan çaylar boyunca hər il 450 milyon tondan çox yük daşınır. Bunlar soya, qarğıdalı, heyvan yemi, qum-çınqıl, yağ, benzin, gübrə, duz və spirtdir. Missisipinin əsas qollarından biri olan Ohayo ilə alüminium, kömür və polad daşınır.