• Bakı, 2020-05-28,
Seanews
Heyder Eliyev

Bu gün dənizçilik və gəmiçilik dünyanın əsas güc mənbəyidir

Dənizlə qida, tibbi ləvazimatlar, xammal və yanacaqların səmərəli və təhlükəsiz daşınması olmasaydı, dünya ölkələri koronavirus səbəbindən daha çətin vəziyyətlə üzləşə bilərdi.

“Seanews.az” xarici KİV-lərə istinadən xəbər verir ki, bu sözləri Beynəlxalq Dənizçilik Palatasının (ICS) baş katibi Qay Platten deyib. O qeyd edib ki, gəmiçilik və dənizçilərin əhəmiyyəti barədə Beynəlxalq Dənizçilik Palatası (ICS) və Beynəlxalq Limanlar Assosiasiyası (IAPH) birgə açıqlama veriblər.

Açıqlamada bildirilib ki, bu gün ən vacib məsələlərdən biri dəniz vasitəsilə yükdaşımaları dəstəkləməkdir. Hökumətlərin, Beynəlxalq Dəniz Təşkilatı və Ümumdünya Səhiyyə Təşkilatının əlaqəli fəaliyyəti çox əhəmiyyətlidir. Hazırda ərzaq, tibbi avadanlıqlar kimi ən zəruri məhsulların nəqlinin 90 faizi məhz dəniz ticarət donanmasının gücü ilə həyata keçirilir.

Bundan başqa, açıqlamada qeyd olunub ki, yüklərin təhlükəsiz şəraitdə ünvanına çatdırılması üçün dənizçilik sektorunun nümayəndələri praqmatik, elmi və əsaslandırılmış qərarlar verməlidirlər. Hər iki beynəlxalq təşkilat dünyanın bütün ölkələrinin hökumətlərini yüklərin insanlara vaxtında çatması üçün gəmiçilik, liman, nəqliyyat şirkətlərinə dəstək olmağa çağırıb.  Eyni zamanda G20 liderləri və BMT dəniz sektorunu və qlobal təchizat zəncirini qorumağa dəvət olunub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır