• Bakı, 2019-11-12,
Seanews
Heyder Eliyev

ASCO-nun gəmiləri “Pirşağı Tullantı Sutəmizləyici Qurğusu”nun tikintisi üzrə işlərini uğurla başa çatdırıblar

Azərbaycan hökuməti və Koreya İxrac-İdxal Bankının birgə maliyyələşdirdiyi Azərbaycanda yeni texnologiyalara əsaslanan ilk müasir “Pirşağı Tullantı  Sutəmizləyici Qurğusu”nun  tikintisi üzrə işlərin 90 faizdən çoxu yerinə yetirilib.

Pirşağı tullantı sutəmizləyici qurğusunun çıxış xəttinin 400 metrlik hissəsi quru, 1300 metrlik hissəsi isə dənizdə quraşdırılıb. Bütün bunlar nəzərə alınaraq əvvəlcədən dənizin dibi ilə marşrut müəyyənləşdirilib və ASCO-nun ixtisaslaşmış gəmiləri ilə dibdərinləşdirmə işləri aparılıb. Gəmilər işlərini uğurla başa çatdırıblar.

Dibdərinləşdirmə işləri "Mühəndis B. Məmmədov" torpaqqazan, "Bakinskaya-3",  "Bakinskaya-5" və "Bakinskaya-6"  torpaqdaşıyan gəmiləri ilə yerinə yetirilib. Bundan əlavə, layihəyə “Abşeronskaya-5” yedək/lövbərdaşıyan və “Orion-12” dalğıc-dibölçən gəmiləri də cəlb edilib.

Pirşağı qazma ərazisindən çıxarılan torpağın ümumi həcm 216 650 m3 təşkil edir.

Qazılan ərazidə “Zülfü Hacıyev” kran gəmisi ilə istiqamətləndirici svay vurulub  və 1630 metr uzunluğunda, diametri 1620 x 14mm olan borular Hövsandan Pirşağı ərazisinə gətirilərək ərazidə yerləşdirilib.  Bu prosesdə “Nefteqaz -64”, Orion”, “SOCAR-1”, 2 ədəd “Qaradağ” tipli,  3 ədəd “BMK” tipli gəmilər öz heyətləri ilə gücləndirilmiş rejimdə iştirak ediblər.

Kompleks Abşeron yarımadasının şimal-şərq hissəsində böyük bir ərazidə yaranan tullantı sularının birbaşa Xəzər dənizinə axıdılmasının qarşısını almağa imkan yaradacaq. Kürdəxanı, Pirşağı, Maştağa, Bilgəh, Nardaran, Məhəmmədi, Digah, Mehdiabad, Goradil, Fatmayi və Novxanı qəsəbələrində yaranan tullantı suları bu kompleksdə təmizlənərək kənarlaşdırılacaq. Bu layihə Xəzər dənizinin ekoloji təhlükəsizliyinin qorunması baxımından xüsusi əhəmiyyət daşıyır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır