SOCAR-ın Qara dənizdəki terminalı "Marian B" gəmisini təmir edib
SOCAR-ın Gürcüstandakı Kulevi Neft Terminalı (“Black Sea Terminal”) “Marian B” drager gəmisini (dərinləşdirici gəmi) daha müasir idarəetmə sistemi ilə təmin edib.
Terminaldan verilən məlumata görə, 1974-cü ildə istehsal edilən gəmi artıq 10 ildir terminalda fəaliyyət göstərir. Onun əsas funksiyası ilboyu fəaliyyət göstərən Kulevi limanının giriş kanalının və daxili limanının naviqasiya dərinliyini qorumaqdır.
Məlumata əsasən, gəmidə aparılmış işlər çərçivəsində idarəetmə sistemlərinin tam şəkildə modernləşdirilməsi həyata keçirilib. Xüsusilə, müasir yanğın monitorinqi və siqnalizasiya sistemləri, nasosların avtomatik idarə edilməsi və onların mühərriklərinin avtomatik qorunması təmin edilib.
Yüklərin boşaldılması 4 xətli körpülərdə həyata keçirilir ki, bu da eyni zamanda 168 dəmiryolu çən-vaqonun boşaldılmasına imkan verir. Terminal vasitəsilə xam neft, mazut, dizel yanacağı, qazoyl, metanol, aviasiya yanacağı, propilen, maye piroliz qatranı, nafta, izopropil spirti, sənaye nefti və kondensatın yüklənməsi həyata keçirilir.
APA-Economics