Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-02-10,
Seanews
Heyder Eliyev

"DFDS" şirkətinə məxsus bərədə yanğın olub

Bazar ertəsi axşam saatlarında Portsmut limanı qarşısında, Solent boğazının girişində yerləşən Uayt adası sahillərində "DFDS" şirkətinə məxsus bərədə yanğın baş verib.

“Seanews.az” xəbər verir ki, "Caesarea Trader" adlı 122 metrlik bərə Portsmut ilə Fransanın sahil zonasına yaxın yerləşən Cersi adası arasında müntəzəm reyslər həyata keçirir.

"Pole Star Global" tərəfindən təqdim edilən AIS (Avtomatik Tanınma Sistemi) məlumatlarına əsasən, Qrinviç vaxtı ilə təxminən saat 16:00-da Portsmuta doğru hərəkət edən gəmi Uayt adası yaxınlığında lövbər salıb. Böyük Britaniya Sahil Mühafizəsinin (HM Coastguard) məlumatına görə, hadisədən təxminən 15 dəqiqə sonra heyət tərəfindən maşın şöbəsində yanğın baş verdiyi barədə məlumat daxil olub. Dərhal Bembridcdən RNLI-ya (Kral Milli Xilasetmə Qurumu) məxsus xilasedici qayıq hadisə yerinə ezam edilib.

"DFDS" operatoru gəmi göyərtəsində yanğın faktını təsdiqləyib və bütün heyət üzvlərinin (həmçinin göyərtədəki bir nəfər sərnişinin) təhlükəsizlikdə olduğunu bildirib.

Şirkətin bəyanatında yanğının nəzarət altına alındığı və gəminin lövbərdə təhlükəsiz vəziyyətdə qaldığı vurğulanıb. 

Qeyd edək ki, "Caesarea Trader" 1996-cı ildə inşa edilmiş 5000 DWT (dedveyt) tutumlu RoRo tipli yük gəmisidir. Əvvəllər "Commodore Goodwill" adlanan bu gəmi "Condor Ferries" tərəfindən istismar olunub.

Məlumat üçün bildirək ki, sözügedən gəmi 2022-ci ildə Fransaya məxsus "L'Ecume II" balıqçı qayığı ilə toqquşmuş və nəticədə üç nəfər həlak olmuşdu. Həmin vaxt bərədə növbədə olan iki heyət üzvü ehtiyatsızlıqdan adam öldürmə ittihamı ilə mühakimə olunaraq bəraət alsalar da, gəmini idarə edən ikinci köməkçi gəmiləri, tikililəri və ya fərdləri təhlükəyə atma maddəsi ilə təqsirli bilinmişdi.

Gəmi "DFDS"-ə satıldıqdan bir neçə ay sonra, məhkəmə prosesi başlamazdan əvvəl adı dəyişdirilərək "Caesarea Trader" qoyulub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır