Dünyanın ən böyük avtomobildaşıyan gəmisi suya endirilib
Çinin “Guangzhou Shipyard International” tərsanəsi “HMM” və “Hyundai Glovis” tərəfdaşlığı çərçivəsində inşa edilən dünyanın ən böyük avtomobildaşıyan gəmisini suya buraxıb.
“Seanews.az” xəbər verir ki, gəmi Çinin Nansha bölgəsində suya endirilib.
Yeni gəminin yükötürmə qabiliyyəti 10 500 avtomobil ekvivalent vahidi (CEU) təşkil edir və bu göstərici ilə o, hazırda dünyada inşa edilmiş ən böyük avtomobildaşıyan gəmi hesab olunur. Bu, həm də “HMM” üçün ilk dəfə avtomobildaşıyan gəmi seqmentinə daxil olmaq deməkdir. Gəmilərin istismarı “Hyundai Glovis” tərəfindən həyata keçiriləcək.
Uzunluğu 230 metr olan gəmi 14 avtomobil göyərtəsinə malikdir, onlardan beşi hərəkətlidir. Gəmi “MAN” istehsalı olan ikiyanacaqlı mühərriklə təchiz edilib və həm mayeləşdirilmiş təbii qaz (LNG), həm də ənənəvi yanacaqla işləyə bilir.
“Glovis Leader” adlandırılan gəminin təhvil verilmə tarixi açıqlanmayıb. Bildirilir ki, gəmi elektrik və hidrogen yanacaqlı avtomobillər, eləcə də ağır yük maşınlarının daşınması üçün xüsusi dizayn edilib.
Qeyd olunur ki, bu tip iri avtomobildaşıyan gəmilərə maraq son illərdə artan avtomobil ixracı fonunda formalaşıb. Lakin ABŞ və Avropa İttifaqının Çin avtomobillərinə tətbiq etdiyi yüksək tariflər bazarda gələcək perspektivlərlə bağlı suallar yaradıb.

