

“Qaradağ” quru yük gəmisi əsaslı təmirdən sonra istismara qaytarılıb
AZCON Holding şirkətlərindən olan ASCO-nun "Qaradağ" quru yük gəmisi əsaslı təmir edilib.
"Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan proses çərçivəsində baş və köməkçi mühərrikləri, mexanizmlər, maşın şöbəsindəki nasoslar, hava kompressorlar, soyuducular, seperatorlar təmir olunub.
Rabitə və elektroradionaviqasiya sahəsinə aid müasir, yeni 3 ədəd əl radiostansiyaları, 1 dəst MF/HF tipli stasionar radiostansiya və "İnmarsat-C" avadanlıqlarına aid yeni konsol quraşdırılıb.
Həmçinin gəmidə istismar olunan Radar, GPS, BNWAS və Komanda yayım qurğusu kimi avadanlıqların sıradan çıxmış və istismar müddəti başa çatmış hissələri dəyişdirilib və təmir-bərpa işləri aparılıb.
Bundan başqa, baş göyərtədə və maşın şöbəsində borular yenisi ilə əvəz olunub, gəmi üzrə gövdə qaynaq, avtomatika və elektrik-quraşdırma işləri görülüb.
Gəminin sualtı və suüstü hissələri, baş göyərtəsi, üst qurum və maşın şöbəsi, eləcə də yük anbarları qapaqları ilə birlikdə təmizlənərək rənglənib.
"Qaradağ" quru yük gəmisinin heyətinə məxsus yaşayış və xidməti otaqları, sanitar-məişət yerləri də əsaslı təmir edilib.
İşlər başa çatdıqdan sonra "Qaradağ" dəniz sınağına çıxarılıb. Müvəffəqiyyətlə başa çatan sınaq işlərindən sonra gəmi yenidən istismara qaytarılıb.