

“Godby Shipping” şirkəti “DFDS”-ə icarəyə verilmiş RoRo gəmisini satın alıb
Mariehamnda (Aland adaları) yerləşən “Godby Shipping” şirkəti “Transporter” adlı RoRo gəmisini “Eckerö Shipping Ab Ltd”-dən satın alıb.
“Seanews.az” xəbər verir ki, bu alqı-satqı ilə şirkətin donanmasındakı gəmilərin sayı səkkizə çatıb.
Gəminin təhvili 15 oktyabr – 22 noyabr 2025-ci il tarixləri arasında həyata keçiriləcək.
1991-ci ildə inşa edilən gəmi təxminən 1250 xətti metr yükgötürmə qabiliyyətinə malikdir, əsasən kağız, qoşqular, yük maşınları və ağır texnika da daxil olmaqla, geniş çeşidli yüklərin daşınması üçün uyğunlaşdırılıb.
Şirkət sövdələşmənin maliyyə detallarını açıqlamayıb.
Hazırda gəmi DFDS-in “Fredrikstad” və “Halden” (Norveç), “Zeebrugge” (Belçika) və “Immingham” (Böyük Britaniya) arasında fəaliyyət göstərən daşımalarında taym-çarter əsasında istismar olunur. “Godby Shipping” sövdələşmədən sonra çarter müqaviləsini 2025-ci ilin dekabrının sonunadək üzərinə götürəcək və gəminin adını “Transporter” olaraq saxlayacaq.
Şirkətdən bildirilib ki, hazırda RoRo bazarı güclü inkişaf mərhələsindədir və bu ölçüdə gəmilər bazarda az tapılır: “Biz kiçik ölçülü ro-ro gəmilərinə gələcəkdə də güclü tələbat olacağına qəti inanırıq” – deyə, Godby Shipping bəyan edib.