

“Sandhayak” tipli üçüncü gəmi Hindistan Hərbi Dəniz Qüvvələrinə təhvil verilib
Hindistan Hərbi Dəniz Qüvvələri “Garden Reach Shipbuilders and Engineers” (GRSE) şirkətinin inşa etdiyi yeni hidroqrafik tədqiqat gəmisini avqustun 14-də təhvil alıb.
“Seanews.az” xəbər verir ki, “INS Ikshak” adlandırılan bu gəmi “GRSE” tərəfindən donanma üçün inşa edilən dörd ədəd “Sandhayak” sinifinə aid tədqiqat gəmisindən üçüncüsüdür. Üzən vasitə üzrə layihələndirmə işlərini “GRSE” və donanmanın “Warship Design Bureau” qurumu birgə aparıb.
“INS Ikshak”ın əsas vəzifələrinə dərin sularda limanların, sahilyanı zonaların və naviqasiya kanallarının tədqiqi, həmçinin Hindistan Müdafiə Nazirliyi və mülki qurumların fəaliyyəti üçün okeanoqrafik və geofiziki məlumatların toplanması daxildir.
Gəmi dəniz tədqiqatları, axtarış-xilasetmə əməliyyatları, eləcə də müharibə və fövqəladə hallarda hospital kimi də fəaliyyət göstərə biləcək.
Gəminin uzunluğu 110 metr, eni 16 metr təşkil edir. Göyərtədə 231 nəfərlik heyət və pilotsuz qurğular, o cümlədən avtonom sualtı aparat (AUV) və məsafədən idarə olunan aparat (ROV) üçün yer nəzərdə tutulub.
Döyüş əməliyyatları üçün nəzərdə tutulmasa da, gəmi özünümüdafiə məqsədilə 30 mm-lik dəniz topu ilə silahlandırılıb. Arxa hissəsində uçuş göyərtəsi və anqar mövcuddur ki, bu da yüngül çoxməqsədli helikopterin yerləşdirilməsinə imkan verir.