

"T.S. Lines" Çində dörd yeni konteyner gəmisi sifarişi ilə donanmasını gücləndirir
Honq Konqda qeydiyyatdan keçmiş “T.S. Lines Limited” şirkəti Çində 5 300 TEU tutumlu dörd konteyner gəmisinin inşası üçün 245,12 milyon ABŞ dolları dəyərində sifariş yerləşdirib.
“Seanews.az” xəbər verir ki, şirkət gəmilərin inşasına dair “CSSC Huangpu Wenchong Shipbuilding Company Limited” və “CSTC” ilə müqavilə imzalayıb.
Müqaviləyə əsasən, hər bir gəminin dəyəri 61,28 milyon dollar, ümumi dəyəri isə 245,12 milyon dollar olacaq. Gəmilərin 2028-ci ilin iyun–dekabr ayları arasında təhvil verilməsi nəzərdə tutulur.
Bundan başqa, şirkət 2024-cü ildə yerləşdirdiyi şifarişlər çərçivəsində inşa ediləcək iki gəmi barədə də məlumat verib. Qeyd olunub ki, əvvəlcə 4 300 TEU olaraq tikilməsi planlaşdırılan bu gəmilər 5 300 TEU tutumluya yüksəldilib. Bu iki gəmi dörd yeni gəmi ilə eyni şərtlərlə inşa ediləcək. Hər birinin dəyəri 62,78 milyon dollar, ümumilikdə isə 125,56 milyon dollar təşkil edəcək. Onların 2028-ci ilin fevral və aprel aylarında təhvil verilməsi planlaşdırılır.
"T.S. Lines Limited" Asiya–Sakit okean regionuna fokuslanan konteyner daşımaları şirkətidir. Şirkət öz müstəqil konteyner daşımaları şəbəkəsini idarə edir, həmçinin digər daşıyıcılarla birgə xidmətlər, slot mübadiləsi və icarəsi üzrə əməkdaşlıq həyata keçirir.