

"Longship Group" Türkiyədə inşa olunan dördüncü yük gəmisini təhvil alıb
Niderlandda yerləşən "Longship Group" gəmiçilik şirkəti Türkiyənin "Atlas Shipyard" tərsanəsində inşa olunan dörd ümumi təyinatlı yük gəmisindən sonuncusunu – “Longeden”i rəsmi olaraq təhvil alıb.
"Seanews.az" xəbər verir ki, yeni gəmi 130 metr uzunluğa, 16 metr enə, 8,600 ton dedveytə və 6,795 ton ümumi yükgötürmə qabiliyyətinə malikdir. Onun ən mühüm xüsusiyyətlərindən biri isə dizel-elektrik əsaslı hərəkət sistemi ilə təchiz olunmasıdır.
Gələcəkdə gəminin dizel sistemi metanol yanacağı ilə işləmək üçün yenilənə bilər, bu da onu daha dayanıqlı və ekoloji baxımdan üstün edir.
“Longeden” həm sərbəst hissəli yüklər, həm də layihə yükləri, o cümlədən külək turbinlərinin qanadları kimi iri ölçülü komponentləri daşımaq üçün nəzərdə tutulub. Yüklər qutu formalı əsas yük bölməsində, eləcə də üst göyərtə örtüklərində daşına bilər. Gəmi həmçinin açıq üstlü (open-top) rejimdə üzmək üçün də sertifikatlaşdırılıb.