

Quru yük donanmasında gənc və səmərəli gəmilərin sayı kəskin azalacaq
Dünyanın quru yük donanması 2028-ci ilə qədər 15 yaşdan aşağı gəmilərin sayında 22%-lik azalma ilə üzləşəcək.
"Seanews.az" xəbər verir ki, bu barədə dəniz daşımaları üzrə rəqəmsal həllər təqdim edən "Veson Nautical" şirkətini analitiki Oliver Kirkham məlumat verib.
“Marine Money Week 2025” konfransında Kirkham bu azalmanın əsas səbəblərini izah edərək bildirib ki, illərlə davam edən yeni gəmi inşasında balanssızlıq və artıq yaşlanmaqda olan mövcud donanma, bugünkü effektivlik və emissiya standartlarına cavab verə bilmir.
“Donanma açıq şəkildə iki yerə bölünür,” – deyə Kirkham qeyd edib. “Bir tərəfdə müasir və tənzimləmələrə uyğun gəmilər artır, digər tərəfdə isə yaşlı, zəif səmərəli və emissiya qaydalarına görə cərimələnən gəmilər yığılır. Bu uçurum yaxın 5 ildə daha da dərinləşəcək.”
Kirkham əlavə edib ki, yaşlı gəmilərin utilizasiyası prosesi sürətlənəcək, çünki sərtləşən qaydalar və iqtisadi məhdudiyyətlər gəmi sahiblərini təmir və ya az gəlirli ticarət marşrutları arasında seçim etməyə məcbur edir. Üçüncü texniki baxışa yaxınlaşan gəmilər, xüsusilə quru yüklü sahədə, yüksək təmir xərcləri ilə üzləşir və bu onların kommersiya dövriyyəsini zəiflədir.