Ammonyakla işləyən ilk yedək gəmisinin üç aylıq sınağı başa çatıb
Dünyanın ammonyakla işləyən ilk dəniz yedək gəmisi “Sakigake” Tokio körfəzində üç aylıq sınaqlarını başa çatdırıb.
“Seanews.az” xəbər verir ki, bu barədə “ClassNK” təsnifat cəmiyyətinin press-relizində deyilir.
Sınaqlar zamanı Yaponiyanın “NYK” şirkətinə məxsus gəmidən atılan emissiyalar 90% azaldılıb. Ammonyakdan yedək gəmiləri üçün əlavə yanacaq kimi ilk dəfə istifadə edilib.
“Sakigake” ammonyakla işləyən gəmilərin istismarı ilə bağlı məlumat toplamaq üçün Tokio körfəzində yedək əməliyyatlarını davam etdirəcək.
Qeyd edək ki, “Sakigake” yedək gəmisi əslində mayeləşdirilmiş təbii qazla (LNG) işləmək üçün tikilib. Lakin səkkiz il istismar edildikdən sonra ammonyakla işləməsi üçün onun təkmilləşdirilməsi barədə qərar qəbul edilib. “Sakigake” yedək gəmisinin çevrilməsi layihəsinə 2021-ci ilin oktyabrında start verilib. Layihə “NYK” tərəfindən Yaponiyanın “IHI Power Systems” şirkəti və “ClassNK” təsnifat cəmiyyəti ilə birgə həyata keçirilib.