Yaponiyanın “ClassNK” təsnifat cəmiyyəti iri mayeləşdirilmiş karbon qazı tankerlərinin layihəsi konsepsiyasını bəyənib
Yaponiyanın “ClassNK” təsnifat cəmiyyəti tutumu 50 min kubmetr və 23 min kubmetr olan iri mayeləşdirilmiş karbon qazı (LCO2) tankerlərinin layihəsi konsepsiyası üçün prinsipcə təsdiq sertifikatı (AiP) verib.
“Seanews.az” xəbər verir ki, şirkətin açıqlamasında belə deyilir.
Konsepsiyanın hazırlanmasında Yaponiyanın “K LINE”, “MOL” və “NYK Line” gəmiçilik şirkətləri “Mitsubishi Shipbuilding”, “Imabari Shipbuilding”, “JMU” və “Nihon Shipyard” gəmiqayırma şirkətləri ilə birlikdə iştirak ediblər.
LCO2 tankerlərinin layihələndirilməsi və inşası ehtiyacı beynəlxalq karbon tutma və saxlama (CCS) layihələrinin inkişafı və bu cür gəmilərə gözlənilən tələbatdan irəli gəlir. Təsnifat cəmiyyəti qeyd edib ki, konsepsiyanın təsdiqi kifayət qədər sayda LCO2 tankerinin tikintisi üçün zəruri olan gövdə konstruksiyasının standartlaşdırılması istiqamətində növbəti bir addımdır.