Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-03-19,
Seanews
Heyder Eliyev

“TEKNOFEST Azərbaycan” mavi səmaların fatehi kimi müstəqillik tariximizə qızıl hərflərlə yazıldı

Keçən il Milli Qurtuluş Günündə - iyunun 15-də hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan Şuşada idi. Bu da çox əlamətdar hadisə idi. 15 iyun da bayram günüdür, 28 may da bayram günüdür. Biz bu bayram günlərini bir yerdə qeyd etdik və tarixi Şuşa bəyannaməsini imzaladıq. Türkiyə və Azərbaycan rəsmən müttəfiqlik zirvəsinə ucaldı və bu müttəfiqlik özünü hər yerdə göstərir – siyasətdə, iqtisadi əlaqələrdə, enerji, nəqliyyat layihələrinin həyata keçirilməsində, mədəniyyətdə, təhsildə, ordu quruculuğu istiqamətində. Bu gün “TEKNOFEST” bizim birliyimizin növbəti nümayişidir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Ankara, 30 may, AZƏRTAC

Azərbaycan dövlət müstəqilliyinin dördüncü onilliyinə bir sıra əlamətdar hadisələrlə daxil olub ki, onlardan biri də “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalıdır. Hazırda bütün dünya üçün son dərəcə cəlbedici olan növbəti “TEKNOFEST” üçün məhz Azərbaycanın seçilməsi təbii ki, təsadüfi deyil. Bundan əvvəl bir qıra beynəlxalq tədbirlərə, dünya səviyyəli idman yarışlarına, intellektual forumlarda qazanılan milli təcrübə əvvəlcədən deməyə əsas verirdi ki, “TEKNOFEST Azərbaycan”, sözün əsl mənasında, mavi səmanın fəthi olacaqdır!

AZƏRTAC xəbər verir ki, müasir elm və tərəqqinin ən son nümunələrinin nümayiş etdirildiyi platforma olan “TEKNOFEST”in beynəlxalq ictimaiyyət üçün cəlbediciliyin təməlində onun səmərəliliyi və faydalı vədləri dayanır. “TEKNOFEST” müasir dünyada elmi, təhsili, tərəqqini və inkişafı məhz mavi səmadan təbliğ edən alternativsiz və çoxşaxəli platformadır. Bu festivalın “elm, təhsil, tərəqqi və inkişaf” dördbucağında yaratdığı vəhdət intellektual zəkanın real görüntülərini səmalarda dolaşdıraraq insanlarda fəxarət, həsəd, inam kimi hisləri alovlandırır.

Dünya və TEKNOFEST

Beləliklə, “TEKNOFEST nədir, necə yaranıb, dünya birliyinə, müasir elm və tərəqqiyə nələr vəd edir və s.” məzmunlu suallar ətrafında fikir və mülahizələrimizi bölüşmək üçün, ilk növbədə, onun tarixinə və keçdiyi inkişaf yoluna nəzər salaq.

“TEKNOFEST” Aerokosmik və texnologiya festivalı Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyi və Selçuk Bayraktarın rəhbərlik etdiyi “Türkiye Teknoloji Takımı” – T3 Vəqfinin təşkilatçılığı ilə 2018-ci ildən etibarən hər il keçirilir (indiyədək 4 dəfə təşkil olunub). Ötən festivalların hər biri özündən əvvəlkini yenilikləri ilə arxada qoyub.

Əgər “Dünya və TEKNOFEST” və yaxud “TEKNOFEST və dünya” anlayışlarını təhlil etsək, tərəddüd etmədən birinciversiyanın daha doğru ifadə olduğunu əsaslandıra bilərik. Çünki “TEKNOFEST”in dünyaya deyil, müasir dünyanın “TEKNOFEST”ə ehtiyacı var. “TEKNOFEST” açıq səma ulduzu olduğu üçün bütün ölkələrə və xalqlara, bütün insanlara, bəşəriyyətə, sözün hər mənasında, açıqdır.

“TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində keçirilən sərgi bu festivalın özü qədər əzəmətli və faydalı olub. Azərbaycanın qocaman elm və təhsil müəssisələrinin, ayrı-ayrı dövlət qurumlarının bu tədbirə hazırlıq səviyyəsi festival çərçivəsində həyata keçirilən müsabiqələrdə özünü göstərdi.

Bu məqamda Prezident İlham Əliyevin festivaldakı çıxışında səsləndirdiyi fikirləri təqdim edək: “Nobel mükafatı laureatı hörmətli Əziz Səncər də “TEKNOFEST”in hörmətli qonağı qismində təşrif buyurub. Əziz bəylə keçən görüşümü xatırlayıram, mənə dedi ki, onun böyük arzusu var idi hər zaman – Şuşaya getmək. Mənimlə görüşdən sonra Şuşaya getmişdir və bildirmişdir ki, artıq həyatda nəyə nail olmaq istəmişəmsə, ona nail olmuşam - Şuşanı da gördüm. Bu, bizi də çox xoşbəxt etdi. Əziz Səncər kimi insanlar gənclər üçün örnəkdir, nümunədir - həm alim, həm vətəndaş, həm türkçü, həm vətənpərvər insan. Siz gənclər, Əziz bəyə oxşamağa çalışmalısınız.

Bu gün, eyni zamanda, Selçuk Bayraktarı səmimiyyətlə salamlamaq istəyirəm. Selçuk bəy nəinki “TEKNOFEST”in təşkilatçısı və təşəbbüskarıdır, Selçuk bəy və Bayraktarlar ailəsi dünyada çox məşhur bir ailədir. İkinci Qarabağ savaşında məşhur “Bayraktar” PUA-larının rolunu indi dünyada bilməyən yoxdur. Selçuk bəy dünən Şuşada idi. Əminəm, Şuşanı görərkən bir daha şahidi oldu ki, Azərbaycan və Türkiyə qarşıda duran istənilən vəzifəni icra etməyə hazırdır, buna qadirdir. Xalqlarımız öz milli qürurunu müdafiə etmək, təmin etmək üçün hər zaman hər bir addıma fədakarcasına hazırdırlar. Selçuk bəy də gənclər üçün gözəl örnəkdir, nümunədir. Əminəm ki, bizim gənclərimiz Selçuk bəy kimi olmağa çalışacaqlar”.

TEKNOFEST Elm və Mədəniyyət Forumu kimi

Bu gün “TEKNOFEST”i ölkə xaricində ilk dəfə Can Azərbaycanda təşkil etməyin həyəcanını və haqlı qürurunu sizinlə bölüşürük. Bura Azərbaycan gəncliyinin bacarığını, istedadını nümayiş və inkişaf etdirməsi üçün önəmli bir platformadır. “TEKNOFEST” yarışlarında öz işləri ilə fərqlənən siz gənclərimiz sabahın pilotsuz uçuş aparatlarını, süni zəkalarını, rəqəmsal texnologiyalarını istehsal edən və inkişaf etdirən alimləri olacaqsınız. Azərbaycan ilə birlikdə hələ neçə layihələrdə gənclərimizə yeni üfüqlər açmağı və milli texnoloji həmləmizi birlikdə reallaşdırmağı davam edəcəyik.

Rəcəb Tayyib Ərdoğan
Türkiyə Respublikasının Prezidenti

Etiraf etməliyik ki, insan həyatının sürətlə rəqəmsallaşması özünəməxsus ənənələr yaratmaqla bərabər, müəyyən aludəçilik, zərərli vərdişlər də ortaya çıxarmışdır. Araşdırmalar göstərir ki, bu aludəçilik və zərərli vərdişlərdən yaxa qurtarmağın yeganə düzgün yolu texnoloji yeniliklərə ağılın gücü ilə yanaşmaqdır. Dərk etməyə ehtiyac var ki, kompüterlərin, smartfonların yalnız faydalı işlər üçün istifadə olunması hər bir insan üçün səmərəli nəticələr verə bilər. Bu mənada TEKNOFEST elm və tərəqqinin nümayişi olmaqla bərabər, texnoloji mədəniyyət nümunəsinin formalaşması üçün təkanverici qüvvədir.

TEKNOFEST-in müasir elm və mədəniyyət forumu olması iki mühüm cəhətlə izah edilə bilər. Birinci, mavi səmaların fatehi olan uçan avadanlıqlar məhz elmin gücü və qüdrəti ilə hava məkanında məharətlərini göstərir. İkincisi, bu sahədə qazanılan istənilən uğur və nailiyyət müasir həyatda yeni-yeni mədəniyyət nümunələri ortaya çıxararaq, bütövlükdə kulturologiya səltənəti formalaşdırır.

Məlum olduğu kimi, TEKNOFEST-in iştirakçıları əsasən yeniyetmə və gənclərdir. Təbii ki, burada uşaqların maraqlarının da böyük olduğunu nəzərə almaq lazımdır. Hansı ki, zamanın hökmü ilə yeniyetmə və gənclər sürətlə yerlərini həmin uşaqlara verirlər. TEKNOFEST-in faydalı iştirakçısı olmaq, gələcək həyatını bu formul üzərində qurmağı arzu edən yeniyetmə və gənclər, ilk növbədə, dəqiq elmlərin sirlərinə yiyələnməlidirlər. Xatırlatmaq lazımdır ki, ümummilli lider Heydər Əliyevin birbaşa təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanda 1970-ci illərdə yaradılmış fizika-riyaziyyat, kimya və biologiya təmayüllü orta məktəblərin məzunları keçmiş SSRİ-də hər zaman birincilər sırasında olmuşlar. Son illər həyata keçirilən islahatlar, ölkəmizdəki inkişaf bu fənlərə meyilliliyi daha da artırıb.

Beləliklə ,“TEKNOFEST Azərbaycan”ın aşağıdakı faydalı cəhətləri ortaya çıxaracaq:

–Festival Azərbaycanda genetik olaraq dəqiq elmlərə sevgini daha yüksək zirvəyə qaldıracaq;

–4-5 ildən sonra dünyanın aparıcı elektronika, mikroelektronika, aviasiya və metallurgiya, metal-konstruksiya və digər şirkətlərdə çalışan azərbaycanlıların sayı sürətlə artacaq (artıq bu sahədə böyük göstəricilər mövcuddur);

–Azərbaycanda milli kadrlar hesabına aviasiya və elektronika təyinatlı yerli şirkətlərin qurulması təşəbbüsləri çoxalacaq.

Təsadüfi deyil ki, keçirilən festival çərçivəsində yaxın gələcəkdə Azərbaycan və Türkiyənin ortaq texnopark təsis etməsinə dair mühüm çağırışlar eşidildi. Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Türkiyənin Sənaye və Texnologiya Nazirliyi arasında birgə texnoparkın yaradılmasına dair Anlaşma Memorandumu imzalanmaqla artıq bu sahədə ilk addım atılıb.

TEKNOFEST-in vədləri

Azərbaycanın son illər beynəlxalq tədbirlərin fəal aktoruna çevrilməklə müasir dünyanın ayrılmaz tərkib hissəsi kimi həm beynəlxalq təcrübəni məharətlə mənimsəyir, həm də öz standartlarını təbliğ edir. Ölkə həqiqətlərinin dünya birliyinə olduğu kimi çatdırılmasında milli Azərbaycan standartları anlayışının təqdim olunması mühüm amildir. Bu vaxtda qədər Bakını müasir dünyanın yeni fikir və düşüncə mərkəzi olduğunu dilə gətirən ekspertlər “TEKNOFEST Azərbaycan” çərçivəsində qazanılan uğurlar sayəsində Azərbaycanı elm və texnologiyaların nümayiş məkanı olduğunu ifadə etməyə başlayıblar.

Bəli, “TEKNOFEST Azərbaycan” çərçivəsində tətbiq edilən yeniliklər milli standartlarımızın formalaşması istiqamətində yeni nümunələr ortaya qoydu. Tərəddüd etmədən deyə bilərik ki, “TEKNOFEST Azərbaycan” mavi səmaların fatehi kimi müstəqillik tariximizə qızıl hərflərlə yazılıb. Bu festivalın aşağıda qeyd etdiyimiz iki mühüm cəhətini müşahidə etməkdəyik:

–Nümayişlərin yaratdığı, sərgilərdə əks olunan əzəmət;

–Zəkalarda, nəzəriyyələrdə gizlənən ideya və yeniliklərin üzə çıxması!

Gəncliyimizin gücünü, biliyini, elm və tərəqqiyə olan milli münasibətini, Azərbaycanın müdafiə sənayesi sahəsində böyük potensialını, xalqımızın elm və tərəqqiyə müsbət münasibətini nümayiş etdirən "TEKNOFEST Azərbaycan" festivalının ölkəmizə qazandırdığı mühüm faydalı cəhətlərdən biri də məhz Qarabağa Böyük Qayıdışla bağlıdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində qazandığı parlaq Qələbə sayəsində işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma və bərpa prosesi böyük strategiyadır. Yenidənqurma işlərinin müasir texnologiyaların tətbiqi ilə həyata keçirilməsi həm bərpa prosesində, həm də gələcəkdə “ağıllı məkanlar”ın, “ağıllı obyektlər”in idarə edilməsində müasir texnologiyalarla davranmağı bacaran yeni milli nəslə ehtiyac var ki, bunu da elmi tərəqqi ilə qarşılamaq olar.

TEXNOFEST əzəmətində Azərbaycan-Türkiyə müttəfiqliyi

Xatırladaq ki, Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra iki qardaş ölkə arasında açılan ilk nəqliyyat və kommunikasiya əlaqəsi “Ümid” körpüsü olub.

Ulu öndər Heydər Əliyevin 1992-ci il martın 22-dən 24-dək Türkiyəyə səfəri çərçivəsində Azərbaycana bağlı Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Respublikası arasında əməkdaşlıq Protokolu imzalanıb, Naxçıvanla Türkiyə Respublikası arasında gediş-gəlişi təmin etmək məqsədilə Sədərək-Dilucu körpüsünün tikintisinə başlanılıb. Həmin il mayın 28-də iki ölkə arasında iqtisadi, mədəni, sosial, siyasi əlaqələrin inkişaf rəmzi hesab olunan Sədərək-Dilucu körpüsü istifadəyə verilib. Körpünün açılışında Türkiyənin ozamankı Baş naziri Süleyman Dəmirəl və qardaş ölkənin digər yüksək səviyyəli hökumət nümayəndələri iştirak ediblər.

2021-ci il iyunun 15-də - Milli Qurtuluş Günündə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşa Bəyannaməsini imzalamaqla tarixi Qars müqaviləsinə yeni nəfəs verdilər. Bu hadisədən ötən bir ilə yaxın zaman kəsiyini müttəfiqliyimizi möhkəmləndirən mühüm hadisələr baş verib. Ötən il oktyabrın 26-da Füzuli, bu il mayın 14-də isə Rize-Artvin Beynəlxalq Hava limanlarının Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə iştirakı ilə açılmasını Ulu Öndərimizdən əmanət olan milli ənənələrimizi zənginləşdirən tarixi hadisələr kimi dəyərləndirə bilərik.

...Mayın 29-da "TEKNOFEST Azərbaycan" festivalının bağlanış mərasimində "Baykar" şirkətinin texniki direktoru Selçuk Bayraktar məlumat verib ki, növbəti "TEKNOFEST" avqust ayında Türkiyənin Samsun şəhərində keçiriləcək. Qara dənizin sahil bölgələri hazırda Türkiyənin ən sürətlə inkişaf edən rayonlarıdır. Bu bölgədən “Ümid” körpüsünə uzanan əzəmətli yolun o biri başında isə hazırda Avrasiyanın ən mötəbər məkanlarında müzakirə olunan Zəngəzur dəhlizi dayanır. Zəngəzur dəhlizinin açılması isə tarixi Qarabağ Zəfərinin yaratdığı geosiyasi reallıqdır!

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır