Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-18,
Seanews
Heyder Eliyev

Heç bir digər ölkə Azərbaycanın qərarlarına təsir edə bilməz və ya buna çalışmalı deyil

Məlum olduğu kimi, II Qarabağ müharibəsi dünya ictimaiyyətinin diqqətini Cənubi Qafqaz bölgəsinə yönəltdi. Otuz ilə yaxın davam edən münaqişə dövründə müxtəlif beynəlxalq təşkilatların, o cümlədən birbaşa məsələnin həlli üçün yaradılan ATƏT-in Minsk qrupunun yarıtmaz, birtərəfli fəaliyyətindən sonra Azərbaycan öz gücü hesabına işğal olunmuş torpaqlarını əsarətdən azad etdi.
Müharibədən sonra azad edilən ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri də xarici dövlətlərin diqqətini regiona cəlb edən ən mühüm amillərdən biri oldu. Ölkəmizin başçısı istər müharibə dövründə hərbi əməliyyatların, istərsə də müharibədən sonrakı quruculuq işlərinin gedişatı ilə bağlı xarici media qurumlarına müsahibələr verir, Ermənistanın yaydığı dezinformasiyaların qarşısını alırdı. Bu proses indi də davam edir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev oktyabrın 7-də İtaliyanın “La Repubblica” qəzetinə verdiyi müsahibəsində Cənubi Qafqazda yaranmış yeni vəziyyətdən, eyni zamanda yüksələn istiqamətdə inkişaf edən İtaliya–Azərbaycan münasibətlərindən bəhs etmişdir.

Belə ki, jurnalistin İtalyan şirkətlərinin Qarabağın bərpasındakı rolu ilə bağlı verdiyi suala cavabında Prezident İlham Əliyev qeyd etmişdir ki, İtaliya bu işlər üçün cəlb edilən ilk ölkələrdən biridir. Azərbaycan Böyük Qayıdışla bağlı yenidənqurma layihələrinə yalnız dost ölkələrdən olan şirkətləri dəvət edib. Bir neçə italyan şirkəti artıq müxtəlif layihələrdə, o cümlədən Zəfər muzeylərinin, Memorial muzeylərin və İşğal muzeylərinin yaradılmasında iştirak edir. Artıq bir italyan şirkəti ilə bir bölgənin enerji təminatı məsələsi ilə bağlı müqavilə imzalanıb. Beləliklə, italyan şirkətlərinin Azərbaycanda fəaliyyəti alqışlanılır.


Bununla yanaşı Avropa İttifaqı ilə əməkdaşlığımızın enerji kimi ənənəvi sahələri də var ki, buradakı nəhəng layihələrin icrasını yalnız alqışlamaq olar. Bu gün Avropa İttifaqı ölkəmizin nəqliyyat potensialına böyük maraq göstərir və bu sahədə fəal iştirak edir. Azərbaycan Avrasiyanın müasir infrastruktura və qonşularla şaxələndirilmiş kommunikasiya marşrutlarına malik mühüm nəqliyyat mərkəzinə çevrilir. Avropa İttifaqı bu prosesin bir hissəsi olmağı planlaşdırır. Həmçinin Cənubi Qafqazda postmüharibə dövrünün inkişafında da Avropa İttifaqının rolu gündəlikdə olan məsələlərdəndir. Ötən ilin sonuncu günü – dekabrın 31-də ilk qaz Avropaya nəql edilməyə başlandı və İtaliya artıq Azərbaycandan qaz qəbul etməyə başladı. Cənub Qaz Dəhlizi İtaliya bazarını 8 milyard kubmetr və hətta bundan da artıq həcmdə qazla təmin edəcək.

Həmçinin, Cənab Prezident “La Repubblica” qəzetinə müsahibəsində xüsusilə son vaxtlar Azərbaycan – İran münasibətlərində yaranmış gərginliyə də aydınlıq gətirmişdir. Dövlət başçımız qəzetin əməkdaşının İranla Azərbaycan arasında müəyyən problemlərin olması ilə əlaqədar sualına cavab verərkən bildirdi ki, baş verənlərin səbəbi Azərbaycanın bəzi digər ölkələrlə olan münasibətlərində deyil. Çünki bizim xarici siyasətimiz çox açıq, şəffaf, sabit və müstəqildir. Heç bir digər ölkə Azərbaycanın qərarlarına təsir edə bilməz və ya buna çalışmalı deyil. Qərarlar burada – Bakıda Azərbaycanın milli maraqları əsasında Dövlət başçısı tərəfindən verilir. Əgər kimsə süni bəhanədən istifadə etməyə çalışırsa, Azərbaycanı digər ölkələrlə münasibətlərinin olmasında günahlandırırsa, bu düzgün yol deyil və cəhdləri boşa çıxaraq gətirib onları dalana çıxaracaq.


Ölkənin xarici siyasəti tamamilə hər hansı xarici hökmranlıqdan azaddır və praqmatik xarakter daşıyır. Ölkənin mövqeyi məhz bu prinsiplər əsasında formalaşdırılır. Beləliklə, Möhtərəm Prezidentimiz müsahibəsində qəti mövqeyini bildirərək qeyd etmişdir ki: “Mən Azərbaycanı, onun suverenliyini, müstəqilliyini, seçimini ömrümün sonuna qədər müdafiə edəcəyəm”.

 

Zahid Şərifov

Azərbaycan Dövlət Dəniz Akademiyasının Tədris və tərbiyə isləri üzrə prorektoru,
texnika elmləri doktoru, professor


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır