Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

Dəniz astronomiyasının sirləri 

Müasir dövrdə sahildə olarkən dənizdə üzən gəminin, gəmi ilə üzərkən isə sahilin harada olmasını təyin etmək olduqca asandır. Günü-gündən yenilənən naviqasiya avadanlığı, yeni təyinetmə metodları, peyk antenaları və s kimi vasitələr bu işi çox asanlaşdırır.

Bir anlıq bütün bunların olmadığını təsəvvür edək. Belə olan halda, haradan hara üzmək barədə qərarı gəmi kapitanı necə verir?

Bütün bu sualların cavabını “Dəniz astronomiyası” fənnində tapmaq mümkündür. Bu fənn Gəmi sürücülüyünün əsaslarının bir hissəsini təşkil edir. Dəniz astronomiyası səma cismlərinin ümumi hərəkət qanunlarını və səmada baş verən bütün hadisələri öyrənən elmdir.

Dənizdə üzərkən sahil cisimləri görünürsə və bu xəritədə əksini tapıbsa kapitan naviqasiya üsulları ilə gəminin olduğu yeri təyin edir. Bəs, açıq dənizlərdə və okeanlarda üzərkən necə olur? Təsəvvür edin ki, gördüyünüz ancaq su və onun səma ilə birləşdiyi yerdir. Burada insanın köməyinə yalnız səma cisimləri gəlir.

Hələ qədim zamanlardan səma cisimlərinin yerləşməsindən asılı olaraq dənizçilər harada olduqlarını və hara üzdüklərini hesablaya biliblər. Günəş, Ay, planetlər və gecə vaxtı görünən ulduzlar dənizçilər üçün biləvasitə “mayak” olub. Bütün bu müşahidələr, metodlar, alətlər toplanaraq sonradan insanlara Dəniz astronomiyası adlı yeni elm bəxş etdi. Bu elmin köməyi ilə səma sferası, səmada yerləşən əsas bürclər, ulduzlar, günəş, ay və planetlər, bu cisimlərin hündürlüklərinin ölçülməsi və onlara nəzərən yer səthində istiqamətin təyinatı üsulları öyrənilir.

Bu fənn naviqasiya ilə sıx bağlı olduğundan astronaviqasiya da adlanır. Fənnin maraqlı tərəflərindən biri də odur ki, ona aid məsələlərin həllini sadələşdirmək üçün bütün səma cisimləri müşahidəçidən, yəni bizdən eyni masafədə yerləşir. Başqa sözlə, dəniz astronomiyasında məsafə yox, bucaq anlayışından istifadə olunur.

Bir sözlə, mürəkkəb riyazi hesablamalar, alət və avadanlıqlarla zəngin olan dəniz astronomiyası eyni zamanda çox maraqlıdır. Hazırda Azərbaycan Dəniz Akademiyasının “Dəniz naviqasiyası mühəndisliyi” ixtisasının tələbələri bu fənni öyrənirlər. Bu işdə onlara ADDA-nın “Dəniz naviqasiyası” kafedrasının dosenti Elnur Abbasovun və Ziyafət Sultanovun müəllifləri olduğu “Dəniz astronomiyası” kitabı yardımçı olur.

Musa Əliyev - İctimaiyyətlə əlaqələr departamentinin əməkdaşı


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır