Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

Nikolay Yuryeviç Enqver kim idi? -ARAŞDIRMA 

Keçən əsrin qanlı-qadalı illərində repressiya maşınının durmadan işlədiyi bir dövrdə Xəzər Dəniz Gəmiçiliyinə təxminən 5 ay  rəhbərlik etmiş Nikolay Enqver haqqında söz açmaq istəyirəm. 

Nikolay Yuryeviç Enqver 1900-cu ildə Rusiya imperiyasının Baltikyanı quberniyalarının birində – Kurlyandda anadan olub.

1926-cı ildən 1937-ci ilin yayınadək Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığının Dövlət Təhlükəsizlik İdarəsinin 6-cı (dəniz nəqliyyatı) şöbəsinin rəisi vəzifəsində çalışıb. 1937-ci ilin iyulunda Azərbaycan Kommunist (bolşevik) Partiyası Mərkəzi Komitəsinin birinci katibi Mircəfər Bağırovun vəsatəti və Ümumittifaq Kommunist (bolşevik) Partiyası Mərkəzi Komitəsinin baş katibi İosif Stalinin göstərişi ilə Xəzər Dəniz Gəmiçiliyinin rəisi vəzifəsinə təyin edilib. O, bu vəzifədə həbs edildiyi günə –  16 dekabra kimi işləyib.

N.Enqverin həbsdən sonrakı taleyindən söz açmazdan əvvəl, onun bu vəzifəyə gəlişini şərtləndirən Gəmiçilikdəki vəziyyət və sələflərinin aqibəti ilə tanış olmaq yerinə düşərdi:

1935-ci ildə Gəmiçiliyə rəhbərlik edən Byaçeslav İvanoviç Zof həbs edilmiş, antisovet terrorçu təşkilatın üzvü kimi günahlandırılaraq 1936-cı il iyunun 20-də güllələnmişdi.

Rəis kreslosunda onu əvəz edən İvanFilippoviç Menyalov da məhkəmə məsuliyyətindən yaxa qurtara bilməmiş və müstəsna cəza tədbiri 1937-ci il  dekabrın 7-də onun həyatına son qoymuşdu.

Təbii ki, qısa zaman kəsiyində Gəmiçilik kimi mürəkkəb bir sahədə rəhbər işçilərin tez-tez dəyişdirilməsi yükdaşımaların ahəngdarlığını pozmuş, nəhəng təsərrüfatı iflic vəziyyətinə salmışdı.   

Gəmiçilikdə vəziyyətin ağır olduğu, rəhbərliyin məhkəməyə verildiyi,  şöbə və xidmətlərin rəhbər heyətinə gənc kadrların cəlb edildiyi barədə M.Bağırov 1937-ci il iyunun 15-də İ.Stalinə ünvanladığı şifrəli teleqramda məlumat vermişdi.

M.Bağırov eyni zamanda ziyankarlığın nəticələrini tez bir zamanda aradan qaldırmaq, neft daşımalarını yenidən bərpa etmək üçün 11 il ərzində Azərbaycan XDİK DTİ-nin dəniz nəqliyyatı şöbəsinin rəisi  işləmiş və buna görə də Gəmiçiliyin aparıcı mütəxəssislərinə və təsərrüfatına yaxından bələd olmuş Nikolay Yuryeviç Enqveri Gəmiçiliyin rəisi vəzifəsinə yeganə namizəd kimi gördüyünü də yazmışdı.

O zaman N.Enqver artıq SSRİ Xalq Daxili İşlər Komissarlığının nəqliyyat şöbəsində işləmək üçün Moskvaya çağrılmışdı. Lakin Xəzər Gəmiçiliyi mühüm strateji obyekt olduğundan onun fəaliyyətini tez bir zamanda bərpa etmək daha vacib idi. Odur ki, İ.Stalin teleqram üzərində M.Bağırovun xahişinin təmin edilməsinə dair dərkənar qoyur. Beləliklə, N.Enqver 1937-ci ilin iyulunda Gəmiçiliyə rəis təyin edilir və ... cəmi 5 ay bu vəzifədə çalışır.

Təəssüflər olsun ki, həmin müddətdə onun rəhbər işçi kimi gördüyü işlər barədə heç bir məlumat əldə etmək mümkün olmadı. Bəlli olan yalnız budur ki, Nikolay Yuryeviç Enqver əks-inqilabi fəaliyyətdə günahkar bilinərək dekabrın 16-da Azərbaycan KP(b) MK-nın binasında həbs edilib və haqqında verilmiş ölüm hökmü – qətimkan tədbiri 1938-ci il aprelin 22-də icra olunub. N.Enqverin nəşinin Moskva yaxınlığında “Kommunarka” adlı xüsusi poliqonda torpağa tapşırıldığı təxmin edilir.

Moskva Hərbi Dairəsinin tribunalı 1957-ci il 21 oktyabr tarixli qərarı ilə Nikolay Yuryeviç Enqverə fəaliyyətində cinayət əlamətlərinin aşkar olunmadığına görə tam bəraət qazandırıb.

Məqaləyə burada son qoymaq olardı, lakin...

Abunə olduğum kitab nəşriyyatlarından gələn kataloqlarla tanış olarkən, N.N.Enqver soyadlı bir müəllifin kitabı gözümə dəydi. Maraqlandım...  Xoş təsadüf! Təsadüfmü? Axı təsadüfi heç nə baş vermir!!

Məlum oldu ki, müəllif N.Y.Enqverin sürgündə dünyaya göz açmış  oğludur, kitab da onun düşərgə həyatı ilə bağlı xatirələr kitabıdır. Etiraf etməliyəm ki, mən o kitabı alsam da, onu axıradək oxuya bilmədim – həddən artıq ürəkağrıdıcıdır. Lakin N.Y.Enqverin sonbeşiyi barədə bir qədər sonra daha ətraflı yazacağam. Əvvəlcə isə N.Y.Enqverin acı aqibətli digər doğmaları barədə:

Həyat yoldaşı – Alide-Yakobina-İonna Vilhelemovna (Lidiya Vasilyevna) yeni təqvimlə 1896-cı il fevralın 22-də Dauqavpilsdə anadan olub.  Əri həbs edildikdən 2-3 gün sonra hamilə olmasına baxmayaraq, “xalq düşməni”nin ailə üzvü kimi Mordoviya MSSR-dəki Temnikov düşərgəsinə sürgün edilib.

1938-ci il avqustun 22-də Zubovo-Polyanski rayonun Potma stansiyasında oğlu – Nikolay Nikolayeviç Enqver dünyaya gəlib. Ağır düşərgə həyatını yaşayan Lidiya Enqver 1946-cı ildə azadlığa çıxandan sonra övladları ilə birlikdə İjevsk şəhərinə (Udmurtiya  Muxtar Sovet Sosialist Respublikası) pənah gətirib.

Həyat yoldaşı kimi o da 1957-ci ildə tam bəraət alıb.  1981-ci il iyunun 22-də  İjevskdə dünyasını dəyişib.

Qızı – Liliya Nikolayevna Enqver 1921-ci il noyabrın 7-də Murmansk şəhərində anadan olub. Bir yaşı olanda atasının fəaliyyəti ilə əlaqədar ailə Bakıya köçüb.

Valideynləri repressiyaya məruz qalanda 17 yaşlı Liliya Azərbaycanın dağ kəndlərinin birində uşaq bağçasında tərbiyəçi işləyib.

1944-cü ildə Bakının  Rus dram teatrının nəzdində fəaliyyət göstərən Teatr studiyasına daxil olub. Anası azadlığa çıxandan sonra İjevsk şəhərinə köçüb. Evlilik həyatında Koppel soyadını daşıyan Liliya Enqver Udmurtiyada aktrisa, daha sonra televiziyada rejissor köməkşisi və rejissor işləyib. 2010-cu ildə nəşr edilmiş “Udmurtiya teatr ensiklopediyası”nda  onun haqqında məlumat verilib.

2000-ci il fevralın 7-də  İjevskdə 79 yaşında dünyasını dəyişib.  

Oğlu – Nikolay Nikolayeviç Enqverin uşaqlığı sürgündə keçib.  Düşərgə həyatı səhhətinə ağır zərbə vurub – ömürlük əlil qalıb. Faciəvi fakt, bununla belə, onun taleyində müsbət rol da oynayıb –  əlilliyinə görə onu anasından ayırmayıblar (düşərgədə uşaqlar yalnız 2-3 yaşınadək  anaları ilə qala bilərdilər, sonra uşaq evlərinə göndərilirdilər ki, bu da çox vaxt ana ilə övladın bir-birindən ömürlük ayrı düşməsinə səbəb olurdu).

Anasının sürgünlük müddəti bitənədək balaca Kolya “uşaq barakı”nda həyat dərsi keçib. Bu dərslər nə qədər çətin və ağrılı olsa da, əksinə,  onda hər şeyə rəğmən yaşamaq eşqi oyadıb və onu əsl mübariz edib. Müşahidəçilik qabiliyyəti isə Kolyaya düşərgə həyatında və məişətində gördüyü bütün xırdalıqları yaddaşına hopdurmağa imkan verib.

Əzmkarlığı, prinsipiallığı və həqiqətsevərliyi ilə seçilən gənc Nikolay ömrünü elmə bağlayıb. Görkəmli sovet və rus alimi, iqtisadi elmlər doktoru, professor, proqnozlaşdırma ilə bağlı 40-dan artıq elmi işin müəllifi kimi tanınıb, nüfuz qazanıb.

Düzgünlüyü və etibarlığı, o cümlədən mürəkkəb məsələləri həll etməkdə inadkarlığı ilə seçilən Nikolay Nikolayeviç Udmurtiyada xalq deputatı kimi fəaliyyət göstərib, SSRİ Xalq Deputatlarının I Qurultayında iştirak edib.

Ömrünün son illərini əlillik arabasında keçirən N. N. Enqver  özünün düşərgə həyatından bəhs edən “Nepopravimost zla” (“Düzəldilməsi mükün olmayan şər”) adlı xatirələr kitabını yazıb. Kitabın I hissəsi 2010-cu ildə işıq üzü görüb. Təəssüf ki, kitabın 2-ci hissəsini yazmaq ona nəsib olmayıb.

Nikolay Nikolayeviç Enqver 2014-cü il iyulun 14-də Moskva şəhərində dünyasını dəyişib.

 

 

Sevda ABDULLAYEVA,

İctimaiyyətlə əlaqələr departamentinin aparıcı mütəxəssisi


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır