Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

Ramiz Rövşən: Dəniz nağılı

Balıqların donuq bəbəklərində
sızlar ulduzların yuxusuzluğu.
Bəlkə də, göylərin ətəklərində
Tanrı özü əkib bu ulduzluğu.


Dəniz göyə baxar div iştahıyla,
dəniz dalğa-dalğa göyə yeriklər.
Balıqlar dırmaşıb ay işığıyla,
göydə ulduzları dənləyəcəklər.


Gecənin qəribə qəribliyində
dənizə göylərdən balıqlar düşər.
Sonsuz üfüqlərin göy ipliyindən
xırdaca-xırdaca yumaqlar düşər.
Bir qoca kapitan baxar qayadan,
dəniz – 
gəmilərsiz
boş nənni kimi.
Dənizsiz darıxar qoca kapitan,
səsini itirən müğənni kimi.


Sahil qumlarının ləpir ümidi
verilər dalğalar ixtiyarına.
Bir tənha gəminin bir tənha fiti
çırpılar qağayı qanadlarına.


Qoca kapitanın son nəfəsiylə
ağrısı-acısı canından çıxar.
Balıqlar oxuyar titrək səsiylə,
sudan yarıbalıq xanımlar çıxar.


Uzadar əlini dəniz qızına…
Donuq bəbəkləri şüşələnəndə – 
Birdən
gözlərində bir dəniz sınar,
Sınar xəstaxana şüşələrində…

 ***

Buruldum son döngəni,

son tini də buruldum.

Başa vurdum bu günü,

əldən düşdüm, yoruldum.

Daha burdan o yana
nə döngə var, nə tin var.
Bir dümdüz yol, bir də ki,
xoşbəxtlik dolu gün var.

…Amma məni poz daha,
Məndən adam olmaz daha;
O YOLU başlamağa,
O GÜNÜ yaşamağa
axtar, gör indi kim var?!.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır