Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-05-01,
Seanews
Heyder Eliyev

Üzmə vasitələrinin yaranmasını və təkmilləşdirilməsini şərtləndirən amillər

Dəniz haqqında nəsə bilmək istəyirsənsə

dənizdə olmalısan, başqa cür ola bilməz.

Norveç yazıçısı Mariya Parr 

İlk üzmə vasitələri qədim insanların yem əldə etmək qayğısından yaradılsa da, daha sonra yük daşımaq, mübadilə aparmaq və s. bu kimi ehtiyaclarını ödəmək zərurətindən təkmilləşdirilib. Məhz ehtiyac insanları üzən vasitələri nədən və necə hazırlamaq, suda hərəkətini və ya hərəkətsizliyini təmin etmək haqqında düşünməyə, müşahidə aparmağa,  onların hazırlanması və idarə edilməsi ilə bağlı bacarıqlarını artırmağa sövq edib.

Bu sahədə ilk kəşfləri insanları daha yeni nailiyyətlər əldə etməyə ruhlandırıb. Ən sadə üzmə vasitələrindən başlayaraq nəhəng okean gəmilərinin yaradılmasına qədər uzun və çətin bir yol keçilib: dünyada gəmiçilik tarixinin yaşı min illərlə ölçülür.

Gəmiçiliyin inkişafını öyrənən tədqiqatçıların fikrincə, ilk üzən vasitə iri ağac gövdəsi olub.  Ağacın su səthində qalaraq axın ilə hərəkət etməsi təbiətdə baş verən hər bir hadisəni izləyən qədim insanın gözündən yayınmayıb: budaqları kəsilmiş ağac gövdəsi ona çayın və ya dənizin sahilboyunca hərəkət edərək çox da böyük olmayan məsafələri qət etməsinə imkan verib. Sahili gözdən itirməyə qorxan insanlar qısamüddətli səfərlərinə günün işıqlı vaxtında çıxıblar. 

Daha sonra sallar meydana gəlib. İnsanlar bu üzmə vasitəsini qamışları (qarğıları) və ya ağac gövdələrini bir-birinə bağlamaqla  düzəldiblər. Salı idarə etmək üçün insan öz fiziki gücünü tətbiq etməklə əvvəlcə ağac budağından, sonra şüvüldən, daha sonra avardan istifadə edib. Müşahidəçilik qabiliyyəti qədim insana salın dayanıqlığını artırmağa da kömək edib:  heyvan dərisindən hazırlanmış tuluqlar üfürülərək salın alt hissəsinə bərkidilib.  

Növbəti mərhələdə qayıqlar meydana gəlib. Onları hazırlayarkən qədim insanlar fərqli üsullardan yararlanıblar. Qobustanda bəzən eyni bir qaya səthində qayıq rəsmlərinin müxtəlifliyi və fərqli səviyyələrdə qərarlaşması bunu əyani sübut edir.

Petroqliflərin bir qaya üzərində “mərtəbə-mərtəbə” çəkilməsi bu təsvirlər arasında böyük bir zamanın keçməsindən (bunu geoloji əmələgəlmələrin yatımı sübut edir), həmin vaxt ərzində dəniz səviyyəsinin qalxmasından və bu səbəbdən də təsvirləri çəkən insanların daha yuxarı daş terraslarda məskunlaşmasından xəbər verir.

Dünyaca məşhur səyyah, alim-antropoloq və etnoqraf Tur Heyerdalın ölkəmizə birinci səfəri zamanı onu müşayiət etmiş alim-arxeoloq Q.Qoşqarlı yazırdı ki, Qobustan qayıqlarının qədimliyinə əvvəlcə şübhə ilə yanaşan norveçli alim ilk növbədə Azərbaycanda duzlu suya davamlı qamış və ya qarğı növlərinin olduğunu aydınlaşdırmağa çalışırmış. Buna görə o, yerli alimlərin – coğrafişünas, botanik, arxeoloq və etnoqrafların müşayiətilə Xaçmaz rayonundan Lənkəran rayonuna kimi Xəzərsahili əraziləri gəzmiş və belə bir bitki növünün Qobustana yaxın bölgədə – Salyan və Neftçala rayonlarının dənizətrafı ərazilərində bitdiyini müəyyənləşdirmişdi. Məhz bundan sonra T.Heyerdalda qədim Qobustan sakinlərinin qayıq düzəltmək üçün lazımi xammala malik olduqları və rəsmlərdə də realda gördüklərini təsvir etdikləri barədə əminlik yaranmışdı. 

Onu da qeyd etməyə dəyər ki, Qobustanda qatlama qayıq (Qatlama qayıq – qayıq növü, dənizdən quruya çıxarıldıqdan sonra gövdəsi üzərinə çəkilmiş dəri sökülüb qatlanır, gövdənin özü isə hissələrə ayırılırdı. Belə sökülü vəziyyətdə qayıq asanlıqla quru ilə daşına bilirdi) petroqliflərinin mövcudluğu və Xəzərin sahil ərazilərində belə qayıqlardan istifadə edən insanların yaşadığı barədə Herodotun qeydləri alimi yeni tədqiqatlara ruhlandırmışdı.

Beləliklə, münasib şəraitin mövcudluğu bu ərazidə məskunlaşmış insanları bütün su hövzələrində olduğu kimi, Xəzərin də nəqliyyat imkanlarından mümkün qədər faydalanmağa və bu məqsədlə öz üzən vasitələrini daim təkmilləşdirərək daha uzaq məsəfələr qət etməyə təşviq edib.  

 

Sevda Abdullayeva,

ASCO-nun İctimai əlaqələr departamentinin

aparıcı mütəxəssisi


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır