Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-18,
Seanews
Heyder Eliyev

#QürurlaXatırlayırıq: Təkcə “Əmək qəhrəmanı” olmayan kapitan Əlibala Rəcəbov

 

Əlibala Ələkbər oğlu Rəcəbov 1879-cu il martın 22-də Bakıda dənizçi ailəsində anadan olub.

Erkən yaşlarında anasını, on bir yaşında isə atasını itirən Əlibalanı “Abbasiyə” gəmisində bosman işləyən böyük qardaşı Məlik himayəsinə götürüb. O dövrün bütün dənizçi ailələrində olduğu kimi, Əlibalanı elə uşaq ikən sahibkar Üseynovun gəmilərinin birində yunqalığa verib. On altı yaşı tamam olanda Əlibala matros kimi çalışmağa başlayıb və mahir gəmi sürücüsü ola biləcəyinə də elə həmin illərdə inam yaranıb. Belə ki, gəminin sürücüsü zirək, dərrakəli və zəhmətkeş yeniyetməyə peşəsinin sirlərini həvəslə öyrədib. Əlibala sonralar başqa gəmilərdə matros işləyəndə də, hər gəmi sürücüsündən nə isə öyrənib. İnadkar gəncin səyləri hədər getməyib, ona matros olmaqla bərabər, həm də sükançı qismində çalışmağa imkan veriblər. Əlibala da ciddi-cəhdlə diplomlu gəmi sürücüsü olmaq arzusu ilə imtahana hazırlaşıb və nəhayət, 1904-cü ildə istəyinə nail olub. O, Bakı dəniz yolları məktəbində imtahandan müvəffəqiyyətlə keçərək “Uzaq səfərlər üzrə gəmi sürücüsü” diplomuna layiq görülüb. Həmin tarixdən etibarən Əlibala Ələkbər oğlu fərdi gəmi sahibkarlarının gəmilərində kapitan işləyib və tezliklə bacarıqlı mütəxəssis kimi tanınıb. 1922-ci ildən Xəzər Dəniz Gəmiçiliyində çalışıb.

1923-cü ildə Xəzərdə donanmanın və sahil təsərrüfatının bərpası və təkmilləşdirilməsi üçün genişmiqyaslı işlər görülür. 1927-1935-ci illərdə “Krasnoye Sormovo” Gəmiqayırma Zavodunda Xəzər Dəniz Gəmiçiliyi üçün 11 tanker inşa edilir. Hər birinin yükqaldırma qabiliyyəti 9500 ton olan bu tankerlər o zaman Xəzərdə istismar olunan bütün donanmanın yükqaldırma qabiliyyətinin 50%-ni təşkil edirdi. Belə gəmilər yalnız təcrübəli, qəzasız üzən kapitanlara həvalə olunurdu. 1930-cu ildə Bakıya gətirilən dördüncü tanker - “Ağamalı oğlu” kapitan Əlibala Rəcəbovun sərəncamına verilir.

Ə. Rəcəbov fasiləsiz on iki il bu gəmidə kapitan işləyir. Onun təklif etdiyi yenilik - tankerin dörd boru vasitəsilə doldurulması da məhz “Ağamalı oğlu” gəmisində tətbiq edilir. Bu üsul tankerləri sürətlə yükləyib səfərlərin sayını artırmağa imkan verir. Bundan başqa, Əlibala Rəcəbov 1932-ci ildə tankerlərin yükgötürmə qabiliyyətinin artırılmasını dəstəkləyən ilk kapitanlar sırasında olur və bunun məqsədəuyğunluğunu praktiki surətdə sübut edir. Kapitan həm də 1940-cı ildə artıq bu məsələ üzərində işləyən gəmiqayırma mühəndislərinə yaxından kömək edir.

Tankerin davamlılıq həddini hesablamaq üçün mütəxəssislərə Xəzərdəki dalğaların qabaritləri haqqında məlumatlar lazım olur. Mövcud texniki ədəbiyyatda göstəricilər bir-birindən fərqlənir. Hövzədə isə o zaman dalğaların sistemli şəkildə instrumental ölçüsü aparılmır. Kömək üçün mühəndislər təcrübəli kapitana müraciət edirlər. Ə. Rəcəbov uzun illər ərzində Xəzərdə apardığı müşahidələrin nəticələrini səliqə ilə dəftərçəsinə qeyd etdiyindən, məhz həmin göstəricilər dalğaların qabaritini hesablamaq üçün yeni metodun əsasını qoyur.

Böyük Vətən müharibəsi illərində “Ağamalı oğlu”nun heyəti iradəli komandir Ə. Rəcəbovun rəhbərliyi ilə ən çətin tapşırıqların öhdəsindən şərəflə gəlir. 1943-cü ildə Həştərxana 10000 ton benzin gətirmiş tanker alman faşistlərinin aviazərbələrinə məruz qalır. Reyddə yükünü ikinci barja dolduran tanker boşaltma əməliyyatını saxlayaraq manevr etməyə başlayır. Kapitanın tez və dürüst əmrləri tankeri bacardıqca qırıcıların hədəfindən yayındırır. Lakin həmin hava hücumunda kapitan ciddi yaralanır və kontuziya alır. Bununla belə, Ə. Rəcəbov kapitan körpüsündə qalıb gəminin qorunması üçün qüvvələri səfərbər edir. Tamam haldan düşəndə isə, onu yüngül yaralanmış köməkçisi əvəz edir...

Xəstəxanadan çıxandan sonra kapitan Ə. Rəcəbovun sərəncamına donanmanın flaqman tankeri verilir. Qocaman kapitan 1947-ci ilədək həmin tankeri idarə edir. Lakin müharibədə aldığı yaralar özünü biruzə verir və Ə.Rəcəbov uzun sürən xəstəlikdən sonra öz xahişi ilə işləməyə təmir gəmilərinə keçir və öz peşəsinin incəliklərini gənclərə öyrətməkdə davam edir.

Təvazökar, zəhmətkeş və özünə qarşı həddən artıq tələbkar olan kapitan Ə.Rəcəbovun xidmətləri yüksək qiymətləndirilib. 1936-cı ildən Əmək Qəhrəmanı olan Ə. Rəcəbov iki dəfə Lenin ordeni, “Qırmızı Əmək Bayrağı” və “Şərəf nişanı” ordenləri, “Qafqazın müdafiəsinə görə” və “1941-1945-ci illərdə Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə” medalları ilə təltif edilib. “Dəniz Donanmasının fəxri işçisi” adına, SSRİ Dəniz Donanması Nazirliyinin və SSRİ Ali Sovetinin fəxri fərmanlarına layiq görülüb. 1944-cü ildən fərdi təqaüdçü olub.

Görkəmli kapitan, iradəli komandir, sadə, həssas və qayğıkeş insan Əlibala Ələkbər oğlu Rəcəbov 1953-cü il yanvarın 14-də 74 yaşında haqq dünyasına qovuşub.

Sevda Abdullayeva - ASCO-nun İctimaiyyətlə əlaqələr departamentinin aparıcı mütəxəssisi


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır