Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-02-29,
Seanews
Heyder Eliyev

Ömrün mərmər ölçüləri

31 yanvar Məmməd Əmin Rəsulzadənin doğum günüdür.

139 il əvvəl Bakının Novxanı kəndində dünyaya göz açmış, ömrünün tən yarısını mühacirətdə yaşamış, 68 ildir Ankaradakı Cəbəci Asri məzarlığında uyuyan Məmməd Əmin Rəsulzadənin Millət və Vətən qarşısındakı xidmətləri özümüzə də yaxşı məlumdur, cümlə-cahana da. Bu gün sizlərə onun haqqında məzar daşı danışacaq...

Məzar daşı tarixin bələdçisidir

Deyəcəksiniz ki, heç məzar daşı da danışar? Danışar. İndi baxın, görün o qırmızı mərmər nələr deyir.
Sinə daşının ölçüləri M.Ə.Rəsulzadə ömrünün rəqəmlərlə həkk edilmiş rəmzidir: ön hissə (34 sm) onun AXC parlamentinin ilk iclasını açarkən, arxa hissə isə (71 sm) vəfat etdiyi zaman yaşını göstərir. Qırmızı mərmərin üzərinə qravürlə M.Ə.Rəsulzadənin adı və titulu yazılıb. Hündürlüyü 2,8 metr olan dörd sütun isə AXC-nin quruluş tarixini - 28 Mayı ehtiva edir. Bəli, bunlar danışan rəqəmlər, bir ömrü, bir taleyi məzar ölçülərində yaşadan rəmzlərin harmoniyasıdır.
Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri M.Ə.Rəsulzadənın Ankaranın Cəbəci Asri məzarlığındakı qəbirüstü abidəsi – türbəsi onun vətəni ilə birbaşa, yaxud dolayısı ilə bağlı olan insanların daim ziyarət etdikləri məkandır. Bu türbə onun yalnız doğum-ölüm tarixlərində və istiqlalı bəyan etdiyi 28 mayda deyil, demək olar ki, hər gün bura baş çəkənləri “qarşılayır və yola salır”.

Rəqəmlər ideyasının memarı: Tuncer Kırhan

Ankaradakı Azərbaycan Mədəniyyət Dərnəyi Ankara Bələdiyyəsinə 2004-cü ildə etdiyi rəsmi müraciətə bir ildən sonra razılıq alır. 2008-ci ildə AXC-nin 90 illiyi ərəfəsində M.Ə.Rəsulzadənin qəbirüstü abidəsinin yaradılması ilə bağlı dərnəyin Türkiyə Abidələr İdarəsinə etdiyi müraciətə müsbət cavab verilir və bu iş Qazi Universitetində rəssamlıqdan dərs deyən Tuncer Kırhana həvalə edilir. Həm də Azərbaycan Mədəniyyət Dərnəyinin üzvü olan Kırhan deyir ki, hələ 1978-ci ildə dərnəyin rəhbəri Feyzi Akyüzümün təklifi ilə məzara kiçik dəyişiklik olunub, M.Ə.Rəsulzadənin adı, ölüm və doğum tarixləri yazılmış yeni sinə daşı ilə əvəzlənib. 1994-cü ildə isə Azərbaycan əsilli qarslı iş adamı şəxsi təşəbbüsü ilə məzarı islami qaydada, ay-ulduz motivləri ilə işlənmiş qapalı dəmir sarkofaqa saldırır. 2008-ci ilə qədər məzar bu dizaynda qalır, fəqət təmizliyə problem yaratması, ziyarətçilərin məzarla təmasını məhdudlaşdırması, vizual olaraq məzarın sanki qəfəsə salınması görüntüsünü yaratması səbəbindən metal örtük götürülür.

Çanaqqala xatirə kompleksindən ilhamlanaraq...

“Mən üç maket hazırladım. Dərnəyin idarə heyəti üzvlərindən ibarət münsiflərin arasında Türkiyə Abidələr İdarəsinin o zamanki rəhbəri, M.Ə.Rəsulzadənin məsləkdaşı Mehmet Kengerli də vardı. Onlar məhz bu eskizi seçdi”, - Tuncer Kırhan xatırlayır. Sütunların üzərindəki milli xalçaçılıq ornamentinin xalqın qəlbindən qopan hürriyyət və istiqlal mücadiləsinin rəmzi olduğunu söyləyən memar əsas ideyanı Çanaqqala qəhrəmanlarının şərəfinə ucaldılmış xatirə kompleksindən aldığını etiraf edir. Türbənin üzərinə M.Ə.Rəsulzadənin “İnsanlara hürriyyət, millətlərə istiqlal”, “Bir kərə yüksələn bayraq bir daha enməz” sözləri həkk olunur. İşlər tamamlanma ərəfəsində müəllifin abidənin yerləşdiyi küçəyə “28 may” adının verilməsi təklifi mövcud qaydalara uyğun gəlmirmiş. Ankara Bələdiyyəsi ilə aparılan danışıqlardan sonra küçənin nömrəli adını da qeyd etmək şərtilə, “28 May” yazılımış yeni lövhənin vurulmasına izn verilir. Beləliklə, abidə kompleksi gördüyünüz indiki vəziyyətinə gətirilir və 2008-ci il mayın 28-də təntənəli açılışı olur.

Sonuncu rəmz – üç pillə

Memar Tuncer Kırhan qəbirüstü abidənin üç rəmzini qeyd edir, amma məzarın sağ tərəfində üç pilləkən də var. Yəqin, o üç pillə də memarın unutduğu, amma Yaradanın bizə xatırlatdığı, Məhəmməd Əmin Rəsulzadənin son nəfəsində üç kərə təkrarladığı “Azərbaycan, Azərbaycan, Azərbaycan!”-ın rəmzidir.

P.S. Yazının hazırlanmasında “BBC News Azərbaycanca”nın 27 May 2022-ci il tarixli sayında dərc olunmuş “Rəsulzadənin Ankarada məzarı haqqında bilmədikləriniz” adlı məqalədən istifadə olunmuşdur.

İmran BƏDİRXANLI, “Xalq qəzeti”

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır