Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

ASCO İdarə Heyətinin sədrinə iki yeni müavin təyin olunub

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) İdarə Heyətinin sədrinə iki yeni müavin təyin edilib.

Sərəncama əsasən, ASCO-nun Hüquq departamentinin rəisi Zaur Nağıyev və Strateji inkişaf və investisiya layihələri departamentinin rəisi Tariyel Mirzəyevə sədr müavinləri vəzifəsi həvalə olunub.

Zaur Rəsul oğlu Nağıyev 10 noyabr 1982-ci ildə anadan olub.

2004-cü ildə Bakı Dövlət Universitetini “Hüquqşünaslıq” ixtisası üzə bakalavr, 2006-cı ildə magistr təhsilini Fərqlənmə diplomu ilə bitirib. 2015-ci ildə Maastrixt İdarəçilik Məktəbi və ADA Universitetinin  təşkil etdiyi “Biznesin idarə edilməsi” ixtisası üzrə magistr dərəcəsi alıb. 2008-ci ildə Böyük Britaniyanın Sauthempton Universitetinin Beynəlxalq dəniz hüququ üzrə intensiv təhsil proqramını bitirib.

2005-2008, 2009-2013 illərdə Birləşmiş Millətlər Təşkilatının ayrı-ayrı təşkilatlarında (UNHCR, WFP və UNICEF) hüquq və idarəetmə sahəsində müxtəlif vəzifələrdə, o cümlədən xarici missiyalarda çalışıb.

2008-2009 və 2013-2014-cü illərdə SOCAR-ın Hüquq idarəsində böyük hüquq məsləhətçisi və sonradan vitse-prezidentin müşaviri vəzifələrində işləyib. 2014-cü ildən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Hüquq departamentinin rəisi vəzifəsində çalışmaqla bərabər, ADA Universitetinin Hüquq fakültəsində və Azərbaycan Dövlət Dəniz Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olur.

Azərbaycan Vəkillər Kollegiyasının üzvü, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) beynəlxalq ekspertidir.  

Zaur Nağıyev Azərbaycan Respublikası Prezidentinin 23 iyun 2017-ci il tarixli Sərəncamı ilə “Tərəqqi” medalına layiq görülüb.  2018-ci ildə isə  “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, 2 övladı var. 

 

Tariyel Taleh oğlu Mirzəyev 1986-cı ildə anadan olub.

O, 2008-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının “Mühəndis iqtisadiyyatı və idarəetmə” fakültəsini Prezident təqaüdçüsü kimi və Fərqlənmə diplomu  ilə bitirib. 2011-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasında “Biznesin təşkili və idarə olunması” ixtisasını  və  2017-2019-cu illərdə Maastrixt İdarəçilik Məktəbi və ADA Universitetinin təşkil etdiyi “Biznesin idarəedilməsi” ixtisasını Fərqlənmə diplomları ilə bitirərək magistr dərəcəsi alıb. 2020-2021-ci illərdə Okford Universitetinin “Strategy and İnnovation” proqramını bitirib.

2010-2014-cü illərdə “Ernst&Young” şirkətinin Azərbaycan filialında audit və məsləhətçi xidmətlərində müxtəlif vəzifələrdə çalışıb. 2014-cü ildən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də Strateji inkişaf və investisiya layihələri departamentində aparıcı iqtisadçı, daha sonra departement rəisinin müavini və departament rəisi kimi fəaliyyətini davam etdirib.

2018-ci ildə  “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.

Tariyel Mirzəyev İkinci "Yüksəliş" müsabiqəsinin finalçısı olub.

Yeni Azərbaycan Partiyasının üzvüdür. 

Ailəlidir, bir övladı var.

 

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır