Qətər təbii qaz ixracı üçün xüsusi donanmasını böyüdür
Qətər təbii qaz ixracı üçün xüsusi donanmasını böyütmək məqsədi ilə geniş proqram həyata keçirir.
“Seanews.az” “korabel.ru”-ya istinadən xəbər verir ki, “QatarEnergy” enerji konserni 2027-ci ilə qədər yüzdən çox LNG tankeri inşa etməyi planlaşdırır və bu sifarişlərin əksəriyyəti Cənubi Koreya tərsanələrində yerinə yetiriləcək.
Donanmanın gələcək artımı Qətərin “Şimal yatağı” layihəsi çərçivəsində təbii qaz hasilatını artırmaq planları ilə bağlıdır ki, bu da öz növbəsində ölkəyə LNG istehsalını ildə 77 milyon tondan 126 milyon tona çatdırmağa imkan verəcək.
“Daewoo Shipbuilding & Marine Engineering” (“DSME”) şirkəti bu yaxınlarda 174 min kubmetr tutumlu dörd qaz daşıyıcısının tikintisi üçün 850 milyon dollar dəyərində müqavilənin imzalandığını rəsmən bildirib. Gəmilər həm ənənəvi yanacaq, həm də təbii qazdan istifadə etmək üçün nəzərdə tutulmuş hibrid hərəkət sistemləri ilə təchiz ediləcək.
Müqavilənin şərtlərinə uyğun olaraq, dörd gəminin hamısı 2025-ci ilin birinci rübünədək sifarişçiyə təhvil verilməlidir. Gələcəkdə “H-Line Shipping”, “Pan Ocean” və “SK Shipping”-dən ibarət Cənubi Koreya gəmiçilik şirkətlərinin konsorsiumu onların operatoru olacaq.
Ötən illərin təcrübəsinə əsasən, Qətərin sifarişlərinin demək olar ki, yarısı LNG tankerləriin tikintisi ilə bağlıdır. Belə ki, 2004-2007-ci illərdə bu tipli 53 yeni gəmidən 26-sı məhz “Daewoo Shipbuilding” şirkətinin tərsanələrində tikilib.
“Korea Shipbuilding & Offshore Engineering” (“Hyundai Heavy Industries”-in törəmələri – “HHI”) gəmiqayırma zavodlarından birinə isə eyni tutumlu daha iki LNG tankerinin tikintisinə dair sifariş verilib. Bu müqavilənin dəyəri 430 milyon dollardır, hər iki gəmi 2025-ci ilin birinci yarısında sifarişçiyə təhvil veriləcək.
“Yonhap” xəbər agentliyinin mütəxəssisləri bu sövdələşməni Qətər layihəsi ilə əlaqələndirməyə meyllidirlər, Koreya Gəmiqayırma Administrasiyası isə gəmilərin indiyə qədər anonim qalmaq istəyən Avropa gəmiçilik şirkəti üçün nəzərdə tutulduğunu bildirir.