Almaniya freqatlarında “OTO Melara” dəniz artilleriya silahları istifadə olunacaq
Niderlandın “Damen” gəmiqayırma zavodu Almaniya Hərbi Dəniz Qüvvələri üçün inşa edilən yeni F126 freqatlarında əsas silah olaraq İtaliyanın “Leonardo” şirkəti tərəfindən istehsal edilən “OTO Melara” dəniz artilleriya silahlarından istifadə edəcək.
Ordu.az xəbər verir ki, bu barədə İtaliya şirkətinin mətbuat xidməti məlumat yayıb. Tərəflər arasında artıq müqavilə imzalanıb. Müqaviləyə silahların inteqrasiyası da daxildir. Gəminin Döyüş İdarəetmə Sistemi tərəfindən aparılan hesablamalar 127 millimetr çaplı “OTO Melera” topunu tam rəqəmsallaşdırılmış sistemə çevirir. “Leonardo”nun 127 millimetrlik standart döyüş sursatı və “Guided Long Range” (GLR) və “Extended Range Ballistic” (BER) sursatlarından ibarət 127 millimetrlik “Vulcano” sursatlarından istifadə edə bilən sistem gəminin müdafiə radiusunu 85 kilometrə qədər artırır. Almaniya donanması bundan əvvəl invenatında olan “Baden-Vürtemberq” sinifli freqatlarda “OTO Melera” silah sistemini quraşdırıb.
“Damen” gəmiqayırma şirkəti “Blohm-Voss” və “Thales “şirkətləri ilə birlikdə Almaniya Hərbi Dəniz Qüvvələri üçün dörd F126 sinifli freqat inşa edir. Şirkət 2028-2031-ci illər arasında 4 ədəd F126 freqatı inşa edəcək. Şirkət 2032-ci ilə qədər daha 2 gəminin təhvil verilməsi üçün Almaniya ilə müqavilə imzalayıb. Müqavilə çərçivəsində gəmilərin hamısının Almaniya sərhədlərindəki Kiel, Hamburq və Volqast tərsanələrində inşa ediləcəyi bildirilib.