• Bakı, 2021-10-27,
Seanews
Heyder Eliyev

Azərbaycanda Dövlət Dəniz və Liman Agentliyi yaradılıb

Dəniz nəqliyyatı sahəsində idarəetmə, tənzimləmə, nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, bu sahədə, habelə Azərbaycan Respublikasının dəniz limanlarında fəaliyyətin dövlət tənzimlənməsi istiqamətində həyata keçirilən işin optimallaşdırılması və rəqabətədavamlı dəniz nəqliyyatı sahəsinin formalaşdırılması məqsədilə Dövlət Dəniz və Liman Agentliyi yaradılıb.

AZƏRTAC xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev 2021-ci il oktyabrın 11-də “Dəniz nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərman imzalayıb.

Fərmana əsasən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin (DDA), DDA-nın tabeliyində Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi ,eləcə də Nəqliyyat və Texniki-Təminat İdarəsi publik hüquqi şəxslərin əsasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Dövlət Dəniz və Liman Agentliyi” publik hüquqi şəxs yaradılıb. Agentlik bu göstərilən qurumların hüquqi varisidir, onların hüquq və öhdəlikləri, habelə əmlakı Agentliyə keçir.

Dövlət Dəniz və Liman Agentliyi Azərbaycan ərazisində dəniz nəqliyyatı sahəsində dövlət siyasətinin formalaşmasında, həyata keçirilməsində və inkişafında iştirak edən, bu sahədə tənzimləməni və nəzarəti həyata keçirən, dəniz üzgüçülüyünün təhlükəsizliyi, dənizdə insan həyatının və sağlamlığının qorunması, dəniz ətraf mühitinin mühafizəsi, habelə dənizçilərin hazırlanması sahəsində tədbirlər görən, dəniz limanlarında fəaliyyətin dövlət tənzimlənməsində iştirak edən və dəniz üzgüçülüyünün təhlükəsizliyi ilə bağlı xidmətlər (naviqasiya və mayak, bələdçi, kanal, lövbər və gəmi yığımı) göstərən publik hüquqi şəxsdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır