Bu günədək 180 Azərbaycan vətəndaşı gəmi ilə Qazaxıstandan ölkəmizə gətirilib
Xaricdə olan Azərbaycan vətəndaşlarının ölkəyə gətirilməsi istiqamətində tədbirlər davam etdirilir. Azərbaycan hökuməti koronavirus (COVID-19) pandemiyasının yayılma təhlükəsi səbəbindən sərhədlərin bağlanmasına görə müvəqqəti olaraq (xidməti və şəxsi səfərlərlə əlaqədar) Qazaxıstanda qalan daha 18 vətəndaşı ölkəyə gətirib.
Azərbaycanın Aktaudakı Baş konsulluğundan AZƏRTAC-a verilən məlumata görə, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Akademik Zərifə Əliyeva” (10 nəfər), “Naxçıvan” (4 nəfər) “Həsən Əliyev” (4 nəfər) bərə gəmiləri ilə yola salınan vətəndaşların hamısı COVID-19 testindən keçirilib.
Qeyd edək ki, ümumilikdə bu günə qədər Baş konsulluq tərəfindən Aktau limanından gəmi ilə 180 nəfər vətənə göndərilib.
Baş konsulluqda Azərbaycana təxliyəni gözləyən vətəndaşların qeydiyyat prosesi davam etdirilir.