• Bakı, 2019-12-05,
Seanews
Heyder Eliyev

Bakıda “Caspian Ecology” - 10-cu Yubiley Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi keçiriləcək

Noyabrın 13-dən 15-dək Bakı Ekspo Mərkəzində “Caspian Ecology” - 10-cu Yubiley Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi keçiriləcək.

APA-nın məlumatına görə, bu barədə "Caspian Ecology" sərgisinə həsr olunmuş mətbuat konfransda bildirilib.

Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Rauf Hacıyevin sözlərinə görə, sərgi ETSN,  IDEA İctimai Birliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən dəstəklənir: “Caspian Ecology” sərgisi faydalı əlaqələr qurmaq və ekologiya sənayesinin aktual təmayülləri ilə tanış olmaq üçün effektiv platformadır. "Caspian Ecology” sərgisi ilk dəfə 2010-cu ildə keçirilib. Həmin vaxtdan bəri həm Azərbaycan, həm də region mütəxəssisləri arasında bu sərginin nüfuzu durmadan artır. Sərgi 10 illik uğurlu fəaliyyəti ərzində dünyanın 15 ölkəsindən 500-dən çox şirkəti bir araya gətirib. Sərgi növbəti dəfə ictimaiyyətin və müvafiq qurumların diqqətini ətraf mühitin mühafizəsi, təbii ehtiyatlardan istifadənin optimallaşdırılması və bərk tullantıların təkrar emalı kimi mövzulara cəlb etmık məqsədi daşıyır".

 

Nazir müavini “Caspian Ecology” sərgisinin ekologiya sektorunun tullantıların utilizasiyası və emalı üçün avadanlıqlar, sutəmizləmə və təkrar emal sistemləri, ekoloji məhsul və içkilər, təkrar emal edilmiş materiallardan hazırlanan məişət əşyaları və sair kimi istiqamətləri əhatə etdiyini qeyd edib: "Ekologiya və Təbii Sərvətlər Nazirliyinin stendində son il ərzində nazirliyin dəstəyi ilə hazırlanmış ətraf mühitin mühafizəsi sahəsində mütərəqqi ekoloji layihələr təqdim edir. Həmçinin Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi qsc (ASCO), “EkoSfera”, IDEA İctimai Birliyi, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi sərgidə öz stendləri ilə iştirak edirlər”.  
"Caspian Event Organisers" şirkətinin baş direktoru Fərid Məmmədov isə sərginin 3 gün davam edəcəyini diqqətə çatdırıb: "Sərgidə 10 ölkədən 60 şirkət sərginin peşəkar auditoriyasında sənayenin ən son nailiyyət və innovasiyalarını nümayiş etdirəcək. Diqqətəlayiq haldır ki, eksponentlərin 17%-nin əksəriyyəti sərgidə debüt edən xarici iştirakçılar təşkil edir".

F.Məmmədov “Azersu”, “Azergold”, “Azersun”, “BP”, “GIZ”, “SOCAR Polymer”, “Təmiz Şəhər” ASC və digər şirkət və strukturların sərginin daimi iştirakçıları sırasında olduqlarını qeyd edib: "Debütantlar arasında “SOCAR Foster Wheeler Engineering”, “MEVA A.S.” (Çex Respublikası), “DVOKUT-EKPO” MMC (Xorvatiya), “ARC Su Aritma Texnologiyalari” (Türkiyə) və digər şirkətlər yer alır. Sərginin debütantlarının ümumi sayı isə 45% təşkil edir. Tədbirin sponsoru qismində isə “Mətanət A”, “BP”, “AIMC” və “Holcim Azerbaijan” şirkətləri çıxış edir. Sərgini müşayiət edən işgüzar proqramın bir hissəsi olaraq, yerli və xarici iştirakçıları arasında “B2B” formatlı ikitərəfli işgüzar görüşlər keçiriləcək. Sərgi çərçivəsində ilk dəfə olaraq “Şirkətlərin sosial məsuliyyəti – Yaşıl dalğa” adlı sessiya təşkil olunacaq və bu sessiyanın gedişatında bir sıra şirkət nümayəndələri öz korporativ məsuliyyət siyasətləri çərçivəsində ekoloji istiqamətdə həyata keçirilən tədbirlər üzrə praktiki təcrübələrini paylaşacaqlar".

Sərginin layihə rəhbəri Jalə Məmmədova isə Bakı Ekspo Mərkəzinin foyesində “Treş-art” (“Tullantıdan sənətə”) ekspozisiyasının nümayiş olunacağını bildirib: "Bu ekspozisiya çərçivəsində “Təmiz Şəhər” ASC ilə birlikdə istehsalat tullantılarından hazırlanmış sənət əşyaları sərgilənəcək. Həmçinin rəssam Aytən Abdullayevanın köhnə jurnal kəsiklərindən hazırlanmış orijinal rəsm əsərləri, Nəzrin Musayevanın polietilen paketlərdən hazırlanmış pannosu və xüsusi olaraq okeanları çirkləndirən plastik kütlələrdən birdəfəlik istifadə problemini ön plana çəkmək məqsədi ilə Azərbaycan Beynəlxalq Məktəbi “TISA”nın şagirdləri tərəfindən plastik qablardan hazırlanmış 7,5 metrlik nəhəng balina sərginin bir hissəsini təşkil edəcək. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır