Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-29,
Seanews
Heyder Eliyev

Bakıda Xəzəryanı dövlətlərin Baş Prokurorluqlarının beştərəfli görüşü təşkil edilib

Aprelin 4-də Bakıda “Xəzər dənizinin akvatoriyasında ekoloji təhdidlər və hüquqpozmalar: dəniz mühitinin qorunması üçün prokurorluq orqanlarının strategiyaları” mövzusunda Xəzəryanı dövlətlərin Baş Prokurorluqlarının nümayəndələrinin beştərəfli görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdən əvvəl Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın baş prokurorlarının müavinlərinin rəhbərlik etdikləri nümayəndə heyətləri Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, eləcə də görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət ediblər.

Qonaqlar Şəhidlər Xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş Vətən övladlarının xatirəsini anıblar.

Görüşdə Baş prokuror Kamran Əliyev çıxış edərək nümayəndə heyətlərinə ölkəmizdə ekoloji problemlərin həllini daim diqqətdə saxlayan xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində ətraf mühitin qorunması, təbii sərvətlərdən səmərəli istifadə edilməsi və proqnozlaşdırılması sahəsində uğurlu dövlət siyasətini həyata keçirdiyini vurğulayıb.

Həmin strateji kursun davamı olaraq dövlətimizin başçısı İlham Əliyevin 2023-cü il 25 dekabr tarixli Sərəncamı ilə Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyini, ölkəmizin 2030-cu ilədək sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyənləşdirildiyini, o cümlədən bu ilin noyabrın 11-dən 24-dək dövlətimizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a ev sahibliyi edəcəyini diqqətdə saxlayıb.

Xəzər dənizinin ətraf mühitinin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə məsələləri, bu sahədə prokurorluq orqanlarının rolu, o cümlədən 2006-cı il 12 avqust tarixli “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyası çərçivəsində əməkdaşlığın vacibliyini vurğulayıb.

Baş prokuror Kamran Əliyev bildirib ki, 2020-ci ildə ərazilərimiz erməni işğalından azad edildikdən sonra ölkəmiz digər çağırışlarla üzləşib. İşğal dövründə Azərbaycanın şəhər və kəndləri Ermənistan tərəfindən qəsdən dağıdılıb, talan olunub, bütün mədəni və dini abidələr məscidlər təhqir və qarət edilib.

Ermənistan işğal etdiyi ərazilərimizdə bir milyona yaxın mina basdırıb, urbisid, kultursid və ekosid cinayətləri törədib. Baş prokuror bildirib ki, işğala son qoyulan kimi dövlətimiz bütün gücünü səfərbər edərək bu ərazilərdə geniş quruculuq və bərpa işlərinə, erməni vandalizminin nəticələrini aradan qaldırmağa başlayıb.

Bundan başqa, Kamran Əliyev martın 22-də Moskvada “Crocus City Hall” konsert zalında baş vermiş dəhşətli terror aktını şiddətlə qınayaraq terrorçuluqla mübarizədə səylərin beynəlxalq səviyyədə birləşdirilməsinin zəruriliyindən bəhs edib.

Tədbirdə ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva çıxış edərək Xəzər dənizində bioresursların azalması, dəniz mühitinin çirklənməsi, iqlim dəyişikliyi nəticəsində dəniz səviyyəsinin uzunmüddətli aşağı düşməsi və dəniz ekosistemlərinin deqradasiyasını qeyd edərək ölkəmiz tərəfindən Xəzərin ətraf mühitinə mənfi təsirləri minimuma endirmək üçün xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin yaradılmasından, brakonyerliklə mübarizə ilə yanaşı dəniz bioresurslarının bərpası və artırılmasına yönəldilmiş işlərdən, o cümlədən dənizin ekoloji vəziyyətinin qiymətləndirilməsi, bioloji ehtiyatlarının və hidroloji vəziyyətinin öyrənilməsi və dəniz ətraf mühitinə mümkün neqativ təsirlərin müəyyənləşdirilməsi məqsədilə nazirlik tərəfindən mütəmadi ekspedisiyaların keçiriliməsindən danışıb.

İclasda Baş prokurorun müavini Elmar Camalov, İran İslam Respublikası Baş prokurorunun müavini Qulam Abbas Torki, Qazaxıstan Respublikası Baş prokurorunun müavini Jandos Umiraliyev, Rusiya Federasiyası Baş prokurorunun müavini Pyotr Qorodov və Türkmənistanın Baş prokurorunun müavini Rahim Atayev Xəzər dənizində ekoloji hüquqpozmalara qarşı mübarizədə prokurorluqların rolu ətrafında çıxışlar edərək bu sahədə aktual problemlərə toxunublar.

Bununla da Xəzəryanı dövlətlərin Baş Prokurorluqlarının Bakı görüşü yekunlaşıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır